Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində genişmiqyaslı layihələr həyata keçirilir


Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Elə bu məqsədlə də ötən il ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

 

Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan işlərdən biri də işğaldan azad olunmuş ərazilərdə peşə təhsili müəssisələrinin qurulmasıdır. 

 

Qarabağda 8 peşə təhsil müəssisəsi qurulacaq

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən aldığımız məlumata görə, Qarabağda 8 peşə təhsil müəssisəsi qurulacaq və 6000 nəfər qısamüddətli və ixtisasartırma təlimlərinə cəlb olunacaq. Tikiləcək peşə təhsili müəssisələrində tədris aparılacaq əsas istiqamətlər kənd təsərrüfatı, İKT, xidmət, maşınqayırma, avtomobil, inşaat olacaq. İşğaldan azad edilmiş ərazilərə qayıdacaq əhaliyə öncədən əsasən daha çox tələbat olan sahələrdə - İKT, xidmət, turizm və kənd təsərrüfatı istiqamətlərində qısamüddətli təlimlərin verilməsi də planlaşdırılır.

 

Prezident İlham Əliyev Füzuli peşə liseyinin təməlini qoyub

 

Peşə təhsilinin önəminə və inkişafına xüsusi diqqət yetirən ölkə Prezidenti cənab İlham Əliyev ötən il işğaldan azad olunmuş Füzuli şəhərində Füzuli peşə liseyinin təməlini  qoyub. Qeyd edək ki, Peşə Liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Kompleksdə tədris, laboratoriya təcrübələri, idman binaları və meydançası yaradılacaq. Burada, həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat, praktik təlimlər qurğuları inşa ediləcək. Bu müəssisədə əsas istiqamətlər kənd təsərrüfatı və aviasiyadır. Füzuli peşə liseyində PUA təmiri, dron təmiri emalatxanaları, həmçinin, təyyarə və yerüstü aviasiya vasitələri emalatxanasının tikintisi nəzərdə tutulur.

 

Niyazi RƏHİMOV