“QS Quacquarelli Symonds” ali təhsil sahəsində beynəlxalq analitik agentliyi və dünyanın ən yaxşı universitetlərinin reytinqini tərtib edən “QS World University Rankings” 2024-cü ildə Avropanın ən yaxşı ali təhsil ocaqlarının yeni reytinqini dərc edib.
Bakı Mühəndislik Universitetindən (BMU) bildirilib ki, ölkəmizin 7 universiteti ilə yanaşı, BMU da bu reytinqdə yer alıb.
Belə ki, Avropanın ən yaxşı universitetlərinin reytinq cədvəlində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 349, Xəzər Universiteti 372, Bakı Dövlət Universiteti 414, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 434, ADA Universiteti 496, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universiteti 551-600, Azərbaycan Memarlıq və İnşaat Universiteti isə 601+ aralığında qərarlaşıb (https://www.topuniversities.com/europe-university-rankings?&tab=indicators&countries=az)
Yeni reytinqə Avropa ölkələrindən 688 ali təhsil müəssisəsi daxil edilib.
Reytinq 5-i əsas, 7-si alt olmaqla, ümumilikdə 12 indikator əsasında müəyyən edilib. Bura universitetlərin akademik və işəgötürən icmalarında tanınma, tədqiqat işlərinə töhfə, təhsil mühitinin keyfiyyəti, beynəlmiləlləşmə, akademik mobillik, davamlı inkişafa sadiqlik və s. daxildir.