“Həyatı dərk edəndən müəllim olmaq istəmişəm. Cəmiyyətdə müəllimə olan diqqət, hörmət və ehtiram mənə bu peşəni sevdirdi. İllər keçir, insan çox şeyi unudur, lakin ilk müəllimini unutmur. Buna görə də ibtidai sinif müəllimi ixtisasını seçdim... Salyan şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şəhanə Məmmədova  müəllimlik peşəsindən söz  düşəndə   arzusunu belə ifadə edir.

 

1976-cı ildə Salyanda  anadan olub. 1983-1993-cü illərdə doğulduğu  rayonun Nizami Gəncəvi adına şəhər 2 nömrəli məktəbində oxuyub. 1993-cü ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisasına qəbul olub. 1998-ci ildə yüksək qiymətlərlə ali təhsilini başa vurub.

 

Sertifikatlaşdırma prosesini əksər müəllimlər kimi Şəhanə Məmmədova da səbirsizliklə gözləyib. Hədəfi yüksək bal toplamaq olub. Sertifikatlaşdırma imtahanında  60 bal topladığı gün onun üçün unudulmaz bir günə çevrilib. Şəhanə müəllimi təbrik edənlər arasında qohumlar və müəllim yoldaşları şagirdləri də olub.

 

Qeyd edək ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında da məktəbdə ibtidai sinif müəllimləri arasında ən yüksək bal toplayan Şəhanə Məmmədova olub. Biz də ona bundan sonrakı pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 

Şakir CƏFƏROV