Bakı Mühəndislik Universitetində (BMU) 2023/2024-cü tədris ilinə hazırlıq vəziyyəti, o cümlədən qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan müşavirə keçirilib.
BMU-nun rektoru professor Havar Məmmədov yeni tədris ilinin başlanması münasibətilə universitet kollektivini təbrik edib, BMU-ya qəbul üzrə göstəricilərə toxunub, Koreya Respublikasının İNHA Universiteti ilə birgə icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom prqoramının 2023/2024-cü tədris ili üzrə qəbul planının 100% dolduğunu bildirib. Hazırda BMU-ya yeni qəbul olunan abituriyentlərin qeydiyyatının davam etdiyini, prosesin 14 sentyabr tarixində başa çatacağını bildirən rektor ilkin göstəricilərin müsbət olduğunu deyib.
H.Məmmədov BMU-ya 2023/2024-cü tədris ili üçün magistratura səviyyəsi və MBA proqramı üzrə qəbul planın isə 99,7 faiz dolduğunu fikirlərinə əlavə edib.
Daha sonra çıxış edən BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov tədris yükünün bölüşdürülməsi, fənn sillabusları, tələbə-müəllim münasibətlərində elmi-pedaqoji meyarların üstün tutulması kimi istiqamətlərə toxunub, tədris prosesi ilə bağlı qarşıda duran vəzifələri nəzərə çatdırıb.
Tərbiyə işləri üzrə prorektor Bayram Hüseynzadə isə universitetdaxili nizam-intizamın gücləndirilməsi, eyni zamanda birinci kurs tələbələri ilə maarifləndirici görüşlərin keçirilməsi və digər məsələlərlə bağlı görüləcək tədbirləri vurğulayıb.
Müşavirədə qeyd olunan məsələlər ətrafında çıxışlar edilib, təklif və rəylər dinlənilib.