Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində IX və XI sinif şagirdlərinin buraxılış imtahanları ilə bağlı valideynlərlə görüşlər keçirilir.
Təhsil müəssisələrinin direktorları, müəllimlər və valideynlərin iştirakı ilə keçirilən görüşlərin əsas məqsədi buraxılış imtahanlarına dair edilən dəyişikliklər barədə valideynlərə ətraflı məlumat vermək və məktəb-valideyn əlaqələrini daha da möhkəmləndirməkdən ibarətdir.
Görüşlərdə 2018-2019-cu tədris ilində məktəbin perspektiv fəaliyyət istiqamətləri, ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramlarına dair təhsilalanların biliyinin yekun qiymətləndirilməsi qaydaları, buraxılış imtahanının I və II mərhələsində şagirdlərə təqdim olunan sualların həcmi və məzmunu barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, IX siniflər üzrə buraxılış imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili, riyaziyyat və ingilis dili olmaqla iki, XI siniflər üzrə buraxılış imtahanı isə eyni fənlər üzrə bir mərhələdə aparılacaq.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanında əldə etdikləri nəticələrin də nəzərə alınacağı və qəbul imtahanlarından toplanılan balın üzərinə əlavə olunacağı nəzərə çatdırılıb. Qeyd olunub ki, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal- 300+400=700 bal) əsasən, ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak edəcəklər.
Görüşlərdə həmçinin, valideynləri maraqlandıran suallar cavablandırılıb.