Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbdə “Neft hasil edən ölkələrdə enerji keçidi” mövzusunda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyəsi ilə həyata keçirilən beynəlxalq yay məktəbinin iştirakçıları ilə görüşüb.
Rektor onların hər biri ilə tanış olaraq Ali Məktəbdə 3-cü dəfə həyata keçirilən bu layihənin əhəmiyyətindən danışıb və uğurla icra olunduğunu bildirib. O, bu proqramın Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 16 tələbə üçün də faydalı olduğuna inandığını vurğulayıb. E.Qasımov BANM, burada tədris olunan proqramlar və enerji keçidi sahəsində planlar barədə də məlumat verib.
Tələbələr Azərbaycan haqqında təəssüratlarını bölüşüb, proqramın onlara faydalı biliklər qazandırmaqla yanaşı, buradakı mədəniyyətlə tanış olmaq imkanı yaratdığını bildirib və BANM-ı, buradakı şəraiti çox bəyəndiklərini qeyd ediblər.