Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan ikili dövlət proqramı (İDP) çərçivəsində sonuncu kursu İNHA Universitetində oxuyan tələbələr ilə görüşüb.
Öncə İNHA Universitetinin rektoru Dr. Myeonq Voo Ço ilə aparılan müzakirələr zamanı iki ölkə arasında əlaqələrin təhsil sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb. Eyni zamanda, BMU-İNHA İDP müqaviləsinin şərtlərinə əsasən, 61 tələbənin 4-cü kursu Koreyada təhsil almağa başladığı diqqətə çatdırılıb.
Sonra tələbələrlə görüşən səfir Ramin Həsənov bildirib ki, hazırda Koreyada ümumilikdə 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Məzun olmuş azərbaycanlı tələbələr arasında bu ölkənin “LG”, “Samsung”, “KİA” kimi tanınmış şirkətlərində çalışanların da olduğu qeyd edilib.
Tələbələrin dərsləri və məişət qayğıları ilə maraqlanan Ramin Həsənov onların suallarını cavablandırıb.
Məlumat üçün bildirək ki, tədrisi 3+1 modeli əsasında qurulan proqramın şərtlərinə uyğun olaraq, tələbələr bakalavriat səviyyəsində mühəndislik ixtisasları üzrə 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İNHA Universitetində təhsil almalıdırlar. Tədris ilini uğurla başa vuran tələbələr hər iki universitetin diplomunu əldə edəcəklər.