2023-cü il üçün həyata keçirilən proses yekunlaşdı


Artıq ikinci ildir ki, ümumi təhsil müəssisələrində müəllimlərin sertifikatlaşdırılması həyata keçirilir. Builki proses avqustun 31-də ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat fənnləri üzrə 3 il pedaqoji staja malik şəxslər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və yuxarı yaşda olan təhsilverənlər üçün təşkil edilən imtahanlarla yekunlaşıb. Ölkə üzrə 13 şəhər olmaqla 22 mərkəzdə təşkil olunan son imtahanlarda 2154 müəllim iştirak edib. Bununla da ölkədə ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırma prosesindən keçirilib.

 

2023-cü il üçün həyata keçirilən sertifikatlaşdırma yekunlaşdığından həftənin gündəmində də məhz bu məsələ olub. Belə ki, sentyabrın 4-də elm və təhsil nazirinin müavini Həsən Həsənli bununla bağlı brifinq keçirib. Sentyabrın 6-da yeni tədris ilinin başlanması ilə əlaqədar brifinq keçirmiş elm və təhsil naziri Emin Əmrullayev də prosesin nəticələrinə geniş yer verib.

 

Xatırladaq ki, proses “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq həyata keçirilir. Sənəddə dövrün sonuna kimi 137000 nəfər heyətin sertifikatlaşdırmada iştirakının təmin olunması əsas hədəflərdən biri olaraq qeyd olunub. Odur ki, proses 2026-cı ilin sonuna kimi mərhələli şəkildə davam etdiriləcək.

 

Sertifikatlaşdırma davam edir

 

Sertifikatlaşdırma ibtidai sinif müəllimlərindən başlayıb. Ötən il prosesdə 11211 ibtidai sinif müəlliminin 97 faizi iştirak edib və prosesi uğurla tamamlayaraq 51-60 bal toplayan 3163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplayan 5624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib.

 

Azərbaycan dili və ədəbiyyat müəllimlərindən isə sertifikatlaşdırmada iştirak edən 7594 nəfər uğur qazanıb. Ölkə üzrə 674 nəfərin təkrar imtahanda iştirakı nəzərdə tutulur.

 

İmtahanda uğursuz olanlar yenidən imtahan verdi

 

2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. Təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 1939 müəllim iştirak edib. İbtidai siniflər üzrə sertifikatlaşdırma prosesinə cəlb edilmiş 30 min müəllimdən 1334 nəfər bu il təkrar imtahanlarda, 21180 nəfər isə ötən il uğur qazanıb. Beləliklə, ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılmasında prosesi uğurla tamamlayıb yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib.

 

Sertifikasiya prosesində iştirak edən 30 min ibtidai sinif müəlliminin 0.7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb. Təkrar sertifikatlaşdırmada 21 nəfər 0-9 bal, 212 nəfər 10-19, 373 nəfər 20-29, 584 nəfər 30-39 və 671 nəfər 40-50 bal toplayıb. 51-60 bal toplayan 79 müəllim olub ki, onların arasında ötən il 28-29 bal toplayan və 1 il öz üzərində işlədikdən sonra bu nəticəni əldə edənlər də var, müəyyən səbəblərdən ötənilki imtahana qatılmayaraq bu il ilk dəfə imtahan verənlər də.

 

Gələn il aralarında ibtidai sinif müəllimlərinin də olduğu 9 regionu əhatə etməklə 6513 nəfər təkrar sertifikatlaşdırmaya cəlb olunacaq.

 

Onlarla əmək müqaviləsinə xitam verilir

 

Bu il ikinci cəhddə sertifikatlaşdırmaya cəlb olunanlar arasında 606 müəllim hər iki mərhələdə uğur qazanmayıb. 137 nəfər imtahanlara qatılmayaraq prosesdə iştirak etməyib. Beləliklə, təhsil müəssisələri ötən il imtahanın ilkin mərhələsindən keçməyən və ümumi iştirakçıların 6 faizini təşkil edən həmin 743 müəllimin əmək müqaviləsinə sentyabrın 4-dən başlayaraq xitam verir. Sertifikatlaşdırma prosesinin yekun nəticələrinə əsasən, yeni yaranan vakant yerlər, ilk növbədə, həmin rayon üzrə qeydiyyatda olan namizədlərə bal ardıcıllığı nəzərə alınmaqla təklif ediləcək.

 

Sosial müdafiəyə ehtiyacı olanlar diqqətdə saxlanılacaq

 

Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq. Həmin müəllimlərlə işin təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regional təhsil idarələrində komissiyalar artıq fəaliyyətə başlayıb.

 

Uğur qazananların əməkhaqları artacaq

 

“Sertifikatlaşdırma Azərbaycan təhsilinin keyfiyyətinə uzun vədədə təsir edəcək addımdır. Hər ilin iyun ayında, bir qayda olaraq, bu imtahanlar keçiriləcək. Keyfiyyət standartlarına cavab verə bilməyən müəllimlərlə qanunvericiliyin tələbləri çərçivəsində əmək müqaviləsini davam etdirməyəcəyik” - deyən nazir Emin Əmrullayev prosesi uğurla tamamlayanlar üçün nəzərdə tutulan planlardan da danışıb: “Prosesdə uğur qazananların müvafiq olaraq əməkhaqları 10 və ya 30 faiz artırılacaq. Artıq ibtidai təhsil səviyyəsində bütün müəllimlərin nəticələri, hər bir müəllimin bilik və bacarığını əks etdirən sertifikatlaşdırma balı bəllidir. Bu, bizim bir sıra qərarlarımızda - istər həmin müəllimlərin 65 yaşına çatanda əmək müqaviləsinin uzadılması, istər vəzifəyə irəli çəkilməsi, istər maddi və qeyri-maddi təşviq edilməsi, saatların bölünməsi və s. kimi məsələlərdə əsas götürəcəyimiz amillərdən biri olacaq. Bu, həm də müəllimlərimizin harada köməyə ehtiyac duyduğunu, hansı məqamlarda onları dəstəkləməliyik, o cümlədən harada boşluqlar olduğunu göstərir. Bu istiqamətdə də metodik xidmətin təşkil olunmasını planlaşdırırıq”.

 

Nazirin sözlərinə görə, ümumiyyətlə, son 10 il ərzində müəllimlərin orta aylıq əməkhaqqı göstəriciləri artıb. 2014-cü ildə bu rəqəm 267 manat idisə, hazırda 830 manatdır. E.Əmrullayev hər sertifikatlaşdırmadan sonra əməkhaqqının qalxacağını vurğulayıb.

 

Ruhiyyə DAŞSALAHLI