və ya 30 minə yaxın müəllim necə müəllim oldu ?
(Təhsil sərgisindən isti-isti)
Demək olar ki 2 gündür Təhsil sərgisini izləyirəm. Daha çox təhlil nöqteyi nəzərindən baxıb görmək istəyirdim ki, görəsən Təhsil sərgisində nə təqdim olunur. Bər-bəzəkmi, yoxsa ən azı son 1 ilin hesabatımı? Açığı əvvəlcə parlaq görüntülər, səsli- küylü təqdimatlar meda sərlövhəsi üçün ənənəvi təəssürat efekti yaratsa da, sonra sərgidə tanış olduğum Arif müəllim sanki yeni ovqatla məni silkələdi. Arif Qubalı müəllimdir. Ötən il müəllimlərin işə qəbulu imtahanında 55 bal toplayaraq Qubanı seçib. Riyaziyyat dərsi deyərək 600 manata yaxın məvacib alır. Maraqlısı odur ki Arif müəllim bir gün ərzində işindən izn alaraq riyaziyyatla bağlı təqdim olunacaq yenilikləri öyrənmək üçün məxsusi sərgiyə gəlib. İki saat ərzində Ariflə ünsiyyət məni əməlli başlı ruhlandırdı. Və maraqlandım ki görüm belə gənc müəllimlərimiz məktəblərə necə yol tapır?
Başladım araşdırmağa. Və özümü qınadım ki son illər ərzində müəllim seçimindəm heç xəbərim yox imiş. Heç demə səhv etmirəmsə son 5 ildə 30 min yeni müəllim məktəbə gəlib. Tam əmin oldum ki bu müəllimlər tapşırıqsız, şapkasız məktəblərə gəliblər. Deməli, sistemin ən azı 4/1 yeni gələn müəllimlərdir. Mətbuatda bununla bağlı axtarış aparanda isə daha bir məlumatı gördüm. Bildim ki, cənab prezident bu il müəllimliyi seçən 2090 nəfəri ilin ən top hadisəsi kimi təqdir edir. Heç demə bu il müəllim olmaq üçün 50 min insan sənəd verib. Və onlardan 6 min nəfəri müəllim adını qazanıb. Təxminən 1 yer uğurunda orta hesabla 8 nəfər mübarizə aparır. Heç İBM-də belə rəqabət yoxdur. Nə yaxşı. Müəllim olmaq üçün orta bal 50-nin üzərindədir. Bundan başqa son 4 il ərzində müəllim olmaq istəyənlərin sayı ən azı 4 dəfə artıb. İnandırım sizi ki bu rəqəmlər çox sevindiricidir. Deməli şəffaf müəllim seçimi var ki, bura gələnlərin də sayı artır. Şəffaflıq demişkən müəllimlərin işə qəbulu imtahanları ilə bağlı cəmiyyətin say seçmə insanlarının fikirlərini oxudum və onları yazımın bu yerində bir daha xatırlatmaq istədim.
Xalq yazıçısı Çingiz Abdullayev: “Mən də müəllimlərin işə qəbulu imtahanını zaldan izlədim. Eyni vaxtda 800 nəfər imtahan verirdi. Bütün suallar kompüterlərdə verilirdi. Burada bizim xalqın və ölkənin gələcəyi formalaşır. Təhsilsiz xalqın gələcəyi yoxdur. Öz təkrarolunmaz mədəniyyətini yaratmayan millət əsrlərdə itir. Yalnız sonra təhsilin və mədəniyyətin bu bünövrəsi üzərində azad cəmiyyət, hüquqi dövlət, mübariz ordu, güclü iqtisadiyyat və yaşamağa qabil sivilizasiya yarana bilər. Bizimlə yanaşı, ölkəmizin ucqar kəndlərindən olan gənc müəllimlər də iştirak edirdilər. Həqiqətən zaman dəyişir. Şəffaf seçimi təqdir edirəm. Çatışmayan şeylər də gələcəkdə öz həllini tapacaq. Düşünürəm ki, XXI əsrin müəlliminin seçilməsində tətbiq olunan metod ən yaxşılardandır”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: “Təhsil Nazirliyində bir dinamizm var, islahatlar var. Mobilləşmə və modernləşmə prosesi göz önündədir. Nazirlik onu tənqid edənləri çay süfrəsində söhbətə dəvət edir. İnanıram ki, bütün bu proseslərin və təşəbbüslərin ciddi nəticələri olacaq”.
Millət vəkili Tahir Mirkişili: “İmtahanlar təşkilati baxımdan, kifayət qədər yüksək səviyyədə təşkil olunub. Həm quruluşdan, həm də informasiya kommunikasiyalarından geniş istifadəni qeyd etmək olar. Bu, həm vərdişdir, həm də müəllimlər üçün eyni yüksək şəraitin yaradılmasıdır. Məsələnin digər tərəfi isə mahiyyət etibarı ilə ədalətli rəqabətin təmin olmasıdır ki, ədalətli rəqabət inkişafın əsasını qoyur. Düşünürəm ki, müəllimlər arasında belə rəqabətin olması və sonda bu nəticələrin istifadə olunması həm təhsilin inkişafında, həm tədrisin keyfiyyətinin artırılmasında, həm də gələcəkdə daha savadlı və sağlam nəslin yetişməsində çox böyük rol oynayacaqdır”.
Millət vəkili Fazil Mustafa: “Müəllimlərin işə qəbulu ilə bağlı imtahanların keçirilməsinin bir ənənəyə çevrilməsi müsbət bir haldır. Əslində Azərbaycan təhsil sistemində oxumayan şagird problemindən daha çox yüksək hazırlıqlı pedaqoq problemi mövcuddur. Bu imtahanlar gerçək biliklərin üzə çıxarılması üçün bir fürsətdir. Eyni zamanda müəllimlərin özünə güvənini təmin edən, məsuliyyətini artıran bir metod olaraq bu imtahan proseduruna baxmaq lazımdır. Daha keyfiyyətli müəllim obrazının yaradılması üçün atılan bu addımın bəlkə də ilkin mərhələdə mahiyyətinin anlaşılmasında müəyyən problemlər yarana bilər, lakin real nəticələr ortaya çıxdıqda bu metodun nə qədər faydalı olduğu da üzə çıxacaq. Təhsil Nazirliyinin islahat xarakterli bu addımlarının cəmiyyətin bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları tərəfindən təbliğ olunması da zəruri sayılmalıdır. Qanunvericilik bazasının təkmilləşməsi ilə müəllim peşəsinə daha hazırlıqlı və bəsirətli insanların üz tutması stimullaşdırıla bilər”.
Sərgi təəssüratlarımı bəlkə də başqa mövzu üzərində kökləmək istəyirdim. Ancaq qubalı gənc müəllim məni inandıra bildi ki, elə müəllimdən yazım. Ola bilər ki biz hələ müəllim inkişafı üçün çox işlər görməliyik. Ancaq yaxşı ki biz müəllimi düzgün seçirik.
P.S Arif müəllim məni Qubaya dəvət etdi. Növbəti müəllim şərhlərim isti-isti Qubadan olacaq.
C.Abbaslı