Sentyabrın 6-da Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova, Yevlax, Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Zərdab rayonları və Mingəçevir şəhəri üzrə təhsil sektorlarının əməkdaşları, həmin ərazilərdə çalışan məktəb direktorları, müəllimlər iştirak ediblər.

 

Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra qonaqlar şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

 

Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov ötən tədris ilində təhsil sahəsində əldə olunan nailiyyətlər, 2022–2026-cı illər üzrə təhsil strategiyasının müvafiq istiqamətlər üzrə uğurla icra edilməsi, eyni zamanda, təhsildə innovativ layihələrin tətbiq dairəsinin genişləndirilməsi barədə məlumat verib. Orxan Abbasov növbəti tədris ili üçün prioritet istiqamətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb. 

 

Daha sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov hesabatla çıxış edib. Hesabatda “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər, region üzrə şagird və müəllim nailiyyətləri, milli qiymətləndirmə və buraxılış imtahanının nəticələri, respublika fənn olimpiadalarının ümumi təhsil müəssisələri üzrə reytinq sıralaması və digər məsələlər yer alıb. 

 

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova çıxışında qarşıdan gələn 15 Sentyabr – Bilik Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib. 

 

Sonra 2022–2023-cü tədris ilində səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində göstərdikləri fəal və nümunəvi xidmətlərinə görə bir qrup təhsil işçisi təltif edilib.

 

Konfrans şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.