Xəbər verdiyimiz kimi, Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (IDP) çərçivəsində 61 tələbə sonuncu kursu (2023-2024-cü tədris ili) Koreya Respublikasında təhsil alacaq. Belə ki, İDP-nin ilk qəbulu - 2020/2021-ci tədris ilinin tələbələri IV kurs üzrə təhsillərini İNHA Universitetində davam etdirəcəklər.

 

Avqust ayının 28-dən etibarən tədrisə başlayan 61 tələbənin 6 nəfəri “Elektrik mühəndisliyi”, 19 nəfəri “Elektronika mühəndisliyi”, 23 nəfəri “İnformasiya texnologiyaları”,13 nəfəri isə “İnşaat mühəndisliyi” ixtisasının tələbələridir.

 

Tədrisi 3+1 modeli əsasında qurulan proqramın şərtlərinə əsasən, tələbələr bakalavriat səviyyəsində mühəndislik ixtisasları üzrə 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İNHA Universitetində təhsil almalıdırlar.

 

Tədris ilini uğurla başa vuran tələbələr hər iki universitetin diplomunu əldə edəcəklər.

 

Dörd qəbul ilini əhatə edən bakalavriat proqramına ümumilikdə 400 nəfərin qəbul olunması nəzərdə tutulub. 2023-2024-cü tədris ili üzrə ayrılan 123 yerə isə artıq qəbul başa çatıb və qəbul planı 100 faiz dolub.