Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin və Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin Türkiyənin müdafiə sənayesi müəssisələrinə və bir sıra universitetlərinə səfəri başa çatıb.

 

Səfər çərçivəsində Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ), TEİ – TUSAŞ Motor Sanayii A.Ş, Eklemeli İmalat Teknoloji Merkezi (EKTAM), Türk Hava Kurumu Universiteti, Gazi Universiteti, Çankaya Universiteti və Əskişəhər Texniki Universitetində görüşlər keçirilib.

 

TUSAŞ-da keçirilən görüşdə birgə həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılıb, TUSAŞ-AzTU-MAA arasında işbirliyi protokulunun imzalanması mərasimi keçirilib. TUSAŞ-ın istehsal müəssisələri ilə tanışlıq zamanı sentyabrda AzTU və MAA tələbələri üçün Mühəndis İnkişafı Proqramının (MGP) icrası və görülən işlər müzakirə olunub.

 

ETKAM-ın rəhbəri professor Mətin Salamçı ilə görüşdə doktorant hazırlığı, alüminium sənayesi istiqamətində birgə layihələrin həyata keçirilməsi, AzTU və MAA əməkdaşlarının məqalələrinin beynəlxalq jurnallarda nəşr olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

TEİ – TUSAŞ Motor Sanayii A.Ş-nin baş direktoru professor Mahmut Faruk Aktiş və nümayəndə heyəti ilə görüşdə TEİ-nin Havacılık Motorları Məktəbində, TEİ və Qəbzə Texniki Universitetinin birlikdə yerinə yetirdiyi Magistr Proqramına AzTU və MAA tələbələrinin qoşulmasına imkan yaradılması barədə razılıq əldə edilib. Daha sonra üçtərəfli müqavilənin imzalanması mərasimi keçirilib.

 

Türk Hava Kurumu Universiteti ilə tanışlıq zamanı kosmik sənaye sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Daha sonra Türk Hava Kurumu Universiteti-AzTU-MAA arasında üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Çankaya Universitetinin rektoru professor Hadi Hakan Maraş və nümayəndə heyəti ilə görüşdə təhsil və tədqiqat sahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və birgə əməkdaşlıq müqaviləsinin hazırlanması barədə razılıq əldə edilib.

 

Əskişəhər Texniki Universitetində keçirilən görüşdə yeni əməkdaşlıq imkanları, “Erasmus+” proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova iştirak edib. MAA-nın birinci prorektoru Ədalət Səmədovun başçılıq etdiyi nümayəndə heyətində isə MAA-nın Elm-İstehsalat Birliyinin direktoru Kamal Əsgərov təmsil olunub.