Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Nihad Abbas “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Edinburq Universitetinə “Dövlət idarəetməsi” ixtisası üzrə qəbul olub.
Nihad qəbul ilə bağlı sevincini bizimlə bölüşüb:
- Nihad, bizə özün haqqında məlumat verə bilərsənmi?
- 2019-cu ildə Heydər Əliyev adına liseyi bitirib, BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olmuşam. Bu il “Beynəlxalq münasibətlər” ixtisasını Fərqlənmə diplomu və 94.35 ortalama ilə başa vurdum.
- Dövlət Proqramına qəbul üçün müraciət etmək ideyası necə yarandı?
- Mən BDU-ya qəbul olduqda ölkənin ən yaxşı universitetlərindən birinə qəbulun sevincini yaşayırdım. Buradakı təcrübə məni potensialımı daha çox artıra və inkişaf etdirə biləcəyimə inandırdı. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın elan edilməsi məni daha da ruhlandırdı və burada iştirakı qarşıma məqsəd qoydum. Digər tərəfdən xaricdə təhsil almaq və ölkəmi təmsil etmək mənim üçün əvəzsiz bir duyğudur.
- BDU-da təhsil sənə Dövlət Proqramına qoşulmaqda hansı üstünlükləri verdi?
- BDU ölkənin ən qabaqcıl ali təhsil ocağıdır, ən əsası isə Ümummilli lider Heydər Əliyevin təhsil aldığı universitetdir. Həmçinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi tələbələr üçün geniş imkanlar açır, yüksəkixtisaslı kadrların hazırlanmasına böyük töhfələr verir. Məni cəlb edən də elə bu idi. Bütün bunlar da məni Dövlət Proqramına qoşulmaq üçün təşviq etdi. Eyni zamanda fakültə rəhbərliyinin və professor-müəllim heyətinin göstərdiyi dəstək, qəbul xəbərimlə bağlı keçirdikləri sevinc hissi tələbəyə verilən diqqət və qayğının bir nümunəsi idi.
- Xaricdə təhsil alacağın ixtisası seçməkdə məqsədin nədir?
- Seçdiyim “Dövlət idarəetməsi” ixtisası ilə ölkəmə yararlı kadr olacağıma inanıram. Fikrimcə, yararlı bir fərd olmaq hər bir vətəndaşın əsas qayəsidi. Mənim məqsədim də elə budur.
- Qəbul xəbərin hansı təəssüratlarla yadda qalıb?
- Gözləmədiyim bir vaxtda Dövlət Proqramının üçüncü mərhələ qalibləri açıqlandı. Bu siyahıda öz adımı görmək və həmin sevinci ailəmlə bölüşmək bəlkə də başıma gələ biləcək ən gözəl hadisə idi. Çünki bu, əməyimin ən gözəl nəticəsi idi.
- Qeyd etmişdin ki, universitet dönəmində sosial sahədə də aktivlik göstərmisən...
- Bəli, doğrudur. Universitetin sosial həyatında daim iştirak edir, bir çox tədbir və layihələrin təşkilatçılığını da həyata keçirirdim. Həmin vaxtlar “BDU könüllüləri” təşkilatındakı fəaliyyətimlə bağlı dəfələrlə rektor Elçin Babayev tərəfindən təşəkkürnamələrə layiq görülmüşəm. Sosial aktivlik hər gəncin, tələbənin özünü inkişaf etdirməsi üçün vasitədir.
- Ölkəmizi xaricdə təmsil edəcək bir gənc kimi tələbələrə hansı tövsiyələri verərdin?
- Öz ixtisaslarını hərtərəfli öyrənmək, dil bacarıqlarını inkişaf etdirmək və ən əsası daim irəliyə baxmaq.
Nurlan Cəbrayılzadə,
BDU-nun jurnalistika fakültəsinin II kurs tələbəsi