Müsabiqədə 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər iştirak edə bilərlər
Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. 2023/2024-cü tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün Azərbaycan bölməsi üzrə 20 plan yeri ayrılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri 2023-cü il avqustun 21-dən 30-dək (saat 17:00-dək) Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər:
- Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;
- Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086);
- “Abituriyentin elektron ərizəsi”.
Müsabiqədə qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı 50-dən, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
Qeyd: Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul ilə bir yerdə aparılacaq.