Birinci ixtisas qrupunda plan yerlərinin ümumi sayı 18 min 386-dır. Bunlardan 13348-i dövlət sifarişlidir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə canlı yayımda söyləyib. O qeyd edib ki, I ixtisas qrupunda RK altqrupu üzrə plan yerlərinin sayı 12246-dır, bundan 8398-i dövlət sifarişlidir. Rİ altqrupunda plan yerinin sayı 6140, ondan 4950-si dövlət sifarişli yerdir.
M.Abbaszadə həmçinin bildirib ki, abituriyentlər seçdikləri istiqamət üzrə yeniliklərlə 4 nömrəli “Abituriyent” jurnalında tanış olmalıdır.
“I qrupda 537 ixtisas kodu təqdim olunub, lakin cəmi 64 ixtisasdır. Eyni ixtisaslar müxtəlif universitetlərdə var. Siyahı ilə tanış olanda görmək olar ki, əmək bazarında hansı ixtisaslara daha çox tələbat var. Birinci qrupda keçən illə müqayisədə plan yerlərində 23 faiz artım müşahidə olunur. Bu o deməkdir ki, keçən illə müqayisədə 2000 mindən çox insan I qrup ixtisasları üzrə ali təhsil ala biləcək”-deyə DİM Direktorlar Şurasının sədri vurğulayıb.