Beynəlxalq Kimya (IChO) olimpiadasında məktəblilərimiz 4 medal qazanıblar


16-25 iyul tarixlərində İsveçrənin Sürix şəhərində təşkil edilən 55-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO) şagirdlərimiz uğurla çıxış ediblər. 107 ölkədən 321 məktəblinin iştirak etdiyi yarışda şagirdlərimiz 4 medal qazanıblar. Olimpiadada iştirak edən məktəblilər - Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Nihad Hacızadə və məzunu Dəniz Səttarlı, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin məzunu Selcan Şəfizadə, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Həmid Xəlilov bürünc medala layiq görülüblər. 

 

Olimpiada qaliblərimiz təəssüratlarını bizimlə bölüşüblər.

 

Gənclərimizin uğur hekayələri ilə tanış olaq

 

 

“4-cü dəfə idi ki, medal qazanaraq səhnədə bayrağımızı qaldırırdım”

 

 

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Dəniz Səttarlı: “55-ci Beynəlxalq Kimya Olimpiadası mənim iştirak etdiyim 4-cü beynəlxalq  müsabiqə  idi.  4-cü dəfə idi ki, medal qazanaraq səhnədə bayrağımızı qaldırırdım və hər dəfə bu məqam mənə daha böyük sevinc və qürür hissi yaşadırdı. Uğurlu nəticələrimizə görə müəllimlərimə - İqrar Nəzərova, Əjdər Fərzullazadəyə, Nəriman Şirinliyə, Milana Ağayevaya, Əli Əliyevə təşəkkürümü bildirirəm.  Mən bakalavr təhsilimi ABŞ-da yerləşən Massaçusets Texnologiya İnstitutunda (MIT) “Kimya mühəndisliyi” ixtisası üzrə davam etdirəcəyəm. Daha sonra magistr, doktorantura və postdoktorantura təhsili almağı düşünürəm. Biz ETH Sürix (ETH Zurich) və Sürix universitetləri ilə tanış olduq. Həmin universitetləri çox bəyəndim. PhD təhsilimi bu universitetlərin birində davam etdirməyi çox istərdim. Gələcəkdə enerji sahəsində araşdırmalar aparmağı planlaşdırıram”.

 

 

“Hədəfim üzvi kimya sahəsində yeni böyük nailiyyətlərə imza atmaqdır”

 

Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Həmid Xəlilov: İsveçrənin Sürix şəhərində keçirilən 55-ci Beynəlxalq Kimya Olimpiadasında ən güclü rəqiblər Çin, Rusiya və digər Asiya dövlətlərindən idi. Müsabiqə iki turdan təşkil olunmuşdu. 19 iyulda təcrübə, 21 iyulda isə nəzəriyyə turuna girdik. Komandada hər birimizin istəyi medal qazanmaq, bayrağımızı ucaltmaq idi. Buna nail olduğumuz üçün sevincimizin həddi-hüdudu yox idi. Boş vaxtlarımızda biz ETH Sürix (ETH Zurich) universitetinə və bir sıra şəhərlərə səfər edərək İsveçrənin gözəllikləri ilə tanış olurduq. Gələcək planım ilkin təhsilimi Bakı Ali Neft Məktəbində aldıqdan sonra xarici universitetlərin birində davam etdirməkdir. Hədəfim ölkəmizdə üzvi kimya sahəsində yeni böyük nailiyyətlərə imza atmaqdır. İlk növbədə, həmişə mənə dayaq olan valideynlərimə, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin rəhbərliyinə, bütün müəllimlərimə təşəkkürümü bildirirəm.

 

 

“Daha çox öyrənib, daha böyük uğurlar qazanmaq istəyirəm”

 

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Nihad Hacızadə: “Beynəlxalq Kimya Olimpiadası komandamızın uğurlu nəticələri ilə yadda qaldı. Müsabiqə hərəsinə 5 saat vaxt ayrılmış iki turdan ibarət idi. Nəzəri tur 9-10, təcrübə turu isə 2-3 sualdan ibarət idi. Vaxt azlığına baxmayaraq bacardığımız qədər sualların hamısına cavab verməyə çalışdıq. Yekunda adımı eşitmək və ardınca Azərbaycan bayrağı ilə olimpiada səhnəsinə qalxmaq həm həyəcanlandırıcı, həm də qürurverici idi. Mən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinfinə keçmişəm. Kimya sahəsi üzrə daha çox öyrənib, böyük uğurlar qazanmaq istəyirəm. Liseyi bitirdikdən sonra Massaçusets Texnologiya İnstitutu (MIT), Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) və s. ən nüfuzlu  ali təhsil ocaqlarının birində təhsilimi davam etdirməyi arzulayıram”.

 

 

 

 

“Azərbaycan naminə bayrağımızı elmimizlə ucaltmaq unudulmaz hadisə idi”

 

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyin məzunu Selcan Şəfizadə: “16-25 iyul tarixlərində Sürix şəhərində keçirilən 55-ci IChO-da dünyanın müxtəlif ölkələrindən istedadlı iştirakçılarla yarışmaq qürurverici idi. Bu müsabiqə mənə daha böyük təcrübə qazandırdı. Elm sahəsində tanınmış və qabaqcıl universitetlərin, araşdırma mərkəzlərinin alimlərinin, 300-dən çox olimpiadaçının qarşısında 4 dəfə Azərbaycan naminə bayrağımızı elmimizlə ucaltmaq unudulmaz hadisə idi.  Ölkəmizdə ali məktəblərin birində oxuyub təhsilimin sonrakı pillələrini xaricdə davam etdirəcəyəm. Mənim ən böyük təşəkkürüm lisey müəllimim, kimya üzrə fəlsəfə doktoru Elşad Abdullayevə və professor İqrar Nəzərovadır. Bu yolda mənə dəstək olan yerli və xarici olimpiada yoldaşlarıma da minnətdaram”.

 

 

Lamiyə ƏLİMƏRDANOVA