Təhsil idarəçiləri, ekspert, ictimaiyyət nümayəndələri və valideynlər bu qərarı müsbət qiymətləndirirlər


Yeni tədris ilindən başlayaraq orta ümumi təhsil müəssisələrində vahid məktəbli forması tətbiq ediləcək. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq edilib. Təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir. Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətəkdən,  oğlanlar üçün isə yay forması - üçdüyməli qısaqol köynək və şalvardan ibarətdir. Bundan başqa  qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaketdən, oğlanlar üçün isə qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaketdən ibarətdir.

 

Vahid məktəbli formasına keçidlə bağlı təhsil idarəçilərinin, ekspertlərin, ictimaiyyət nümayəndələrinin və valideynlərin də fikirlərini öyrəndik.

 

“Valideynlər yeni məktəbli formalarının daha müasir göründüyünü etiraf edirlər”

 

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev bildirib ki, 2023-2024-cü tədris ilində bütün şagirdlər üçün istisnasız vahid forma tətbiq ediləcək. B.Mehdiyev Nazirlər Kabinetinin vahid məktəbli formaları ilə bağlı qərarının başlıca olaraq şagirdlərin sağlamlığına və məktəblərdə sosial bərabərliyin gözlənilməsinə xidmət edən qərar olduğunu deyib: “Məktəbli geyimlərinin müəyyən edilməsi zamanı istifadə olunan parçaların tərkibi və keyfiyyəti üzrə müvafiq standartlar nəzərə alınır ki, bu da sağlam genefondun formalaşmasında mühüm rol oynayır. Dünyanın bir çox ölkələrinin vahid məktəbli formalarından istifadə sahəsində tətbiq etdiyi təcrübə onu göstərir ki, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda ictimai mühitdə məktəblilərin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissinin oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Məktəbli forması ictimai şüurda məktəbin əsas atributlarından biri, mənsubiyyətin ifadəsi, məktəb qarşısında məsuliyyət və cavabdehlik, nizam-intizama dəvət kimi qəbul edilir. Bir sıra ölkələrin dövlət məktəblərinin əksəriyyətində eyni forma mütləqdir. Cari tədris ilindən tətbiqi nəzərdə tutulan vahid məktəbli forması qərarı vaildeynlər tərəfindən diqqətlə izlənilir, eyni zamanda şagirdlərin də yeni formalara həvəs göstərməsi müşahidə olunur. Valideynlər yeni məktəbli formalarının daha müasir və dəbli göründüyünü etiraf edirlər”.

 

“Məktəbli forması ictimai şüurda məktəbin əsas atributlarından biridir”

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev də vahid məktəbli formasının tətbiqi ilə bağlı məsələlərə münasibət bildirib. O, məsələ ilə bağlı maarifləndirmə və hazırlıq işlərinin görüldüyünü söyləyib: “ Yeni tədris ilində məktəblilərin vahid formaya keçidi regionda həm təhsil işçiləri, həm də valideynlər tərəfindən sevinclə qarşılanıb. Xüsusilə də Məktəb Pedaqoji Şuralarının məktəbli formalarının təsvirlərini təsdiq edərkən valideynlərin münasibətini nəzərə almağı, bu məsələdə ədalətli və bərabər seçim şəraitinin yaradılması ictimaiyyət tərəfindən müsbət qarşılanmışdır. Hesab edirik ki, vahid məktəbli formalarının uğurlu tətbiqi məktəb mühitində şagird nizam-intizamının daha da güclənməsinə, müsbət təhsil atmosferinin yaranmasına öz töhfəsini verəcəkdir. Məktəbli forması ictimai şüurda məktəbin əsas atributlarından biri, mənsubiyyətin ifadəsi, məktəb qarşısında məsuliyyət və cavabdehlik, nizam-intizama dəvət kimi qəbul edilir”.

 

“Vahid məktəbli formalarına keçid şagirdlərdə nizam-intizamın daha da yüksəlməsinə səbəb olacaq”

 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri  İlqar Orucov vahid məktəbli geyimlərinin tətbiqinin əhəmiyyətli olduğunu deyib: “Bu, ilk növbədə şagirdlər arasında sosial fərqi aradan qaldırır. Digər tərəfdən vahid məktəbli formaları məktəbin estetik aurasına müsbət təsir edir. Elm və Təhsil Nazirliyi vahid məktəbli geyimlərinin tətbiqi ilə bağlı müvafiq işlərə başlayarkən ilk növbədə həm də məktəbli geyimlərinin qiymətlərinin əlçatan olması, vahid məktəbli formalarının sağlamlıq baxımından şagirdlərin keyfiyyətli parçalardan istifadə məsələlərinə xüsusi diqqət yetirib. Düşünürəm ki, vahid məktəbli formalarına keçid şagirdlərdə nizam-intizamın daha da yüksəlməsinə səbəb olacaq”.

 

“Dünyanın müxtəlif ölkələrində məktəblilərin vahid forması olur”

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Məleykə Əsədzadə də məsələyə münasibət bildirib. O, məktəblinin xüsusi geyiminin olmasının vacibliyini bildirib: “Təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində məktəblilərin vahid forması olur. Çünki məktəbə şagird eyni geyimdə gəlməlidir. Tədris prosesi necə eyni təşkil olunursa, vahid məktəbli geyimi də eyni olmalıdır. Artıq formalar müəyyən edilib. Düşünürəm ki, vahid məktəbli formasına keçid tədrisin keyfiyyətinə, şagirdlərin vətəndaş kimi formalaşmasına da müsbət təsir edəcək”.

 

“Vahid məktəbli geyimləri uşaqlar arasında sosial bərabərliyi də qoruyur”

 

Bakıdakı Məktəb-Lisey Kompleksində iki övladı təhsil alan Müşfiq Məmmədov da vahid məktəbli formasının tətbiqini yüksək qiymətləndirib. O, şagirdlərin məktəbə eyni geyimdə getməsinin vacibliyini deyib: “Övladlarımın məktəbə geyindiyi paltarlara xüsusi diqqət yetirirəm. Həmişə vahid məktəbli formasının olmasını arzulamışam. Düşünürəm ki, məktəbli formasında şagirdi görmək təkcə təhsil ocağında deyil, ictimai yerlərdə, nəqliyyatda da adama xüsusi zövq verir. Vahid məktəbli geyimləri uşaqlar arasında sosial bərabərliyi də qoruyur”.

 

Niyazi RƏHİMOV