Jan Klod Brizard: “Texnoloji yeniliklər müəllimlərə şagird və tələbələrin ehtiyaclarını müəyyən etmək imkanı verir”


“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı “Digital Promise Global” təşkilatının prezidenti və baş icraçı direktoru Jan Klod Brizard olub. Belə ki, Elm və Təhsil Nazirliyinin  dəstəyi  və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 15 avqust 2023-cü il tarixində yayımlanan bölümündə Jan Klod Brizard ilə “Rəqəmsal dünyada öyrənmək və şah əsər” barəsində danışılıb.  “T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.

 

Şah əsəri

 

Görüşün aparıcısı C.Mənsiminin qonağa ünvanladığı ilk sual “Hər bir uşaq sənət əsəridir. Onun şah əsəri olmasına çalışın” çağırışınızın fonunda öz sənət əsəriniz barəsində nə demək istərdiniz? Ümumiyyətlə, öz nümunənizdə şah əsərini necə formalaşdırırsınız?” olub. Jan Klod Brizard qeyd edib ki, tədris zamanı hər bir şagirdin nəticəsi yüksək olmalıdır və onların hər birinə fərdi yanaşmaq lazımdır: “Fikir verirsinizsə, mənim çağırışımda qeyd edirəm ki, hər bir uşaq sənət əsəridir. Hər bir uşaq fərqlidir, yanaşması mənim üçün başlıcadır və mən burada xüsusilə onu qeyd etmək istəyirəm ki, hər bir uşağın özünəməxsus güclü tərəfləri, üstünlüklləri, istedadları vardır və onu aşkara çıxarmaq, inkişaf etdirməyə kömək etmək lazımdır. Hər bir uşağın bacarıqları daxilində müəyyən həmin o şah əsər var. Təhsil işçilərinin başlıca vəzifəsi həmin bacarıqları üzə çıxartmaqdır ki, uşaq ayaqları üstə dursun, özünü inkişaf etdirə, gerçəkləşdirə bilsin, görünən olsun”.

 

İcraçı direktor rəhbərlik etdiyi “Digital Promise Global” şirkətində orta göstəricili, orta statistik şagird, tələbə yanaşması deyil, bütün tələbələrin öyrənmə tərzinin individual, fərqli olduğuna istinad etdiklərini vurğulayıb: “Bizdə daha çox kompleks yanaşma mövcuddur. Çalışırıq ki, tədris və öyrənmədən asılı olmayaraq bütün prosesi əhatə edək. Dizaynı elə modifikasiya edirik ki, hər bir uşaqda fərdi şəkildə mövcud olan istedadları, bacarıqları aşkar edə bilək və onun inkişafına xidmət göstərək”.

 

Fərdiləşmiş təhsil

 

Hazırda qlobal miqyasda fərdiləşdirilmiş təhsil yanaşmasının geniş yayıldığını deyən J.K.Brizard digər bir məsələnin onun nə dərəcədə tətbiq edilməsi olduğunu bildirib. O, qeyd edib: “Bir tərəfdən alimlər beyinin necə və hansı şəkildə işlədiyini araşdırır, digər tərəfdən tədrisi araşdıran alimlər sırf tədris sahəsinə, öyrənmənin necə baş verməsinə fokuslanıblar. Elmi araşdırmalarla yanaşı sıravi müəllimlər də vardır ki, onlar gündəlik olaraq təhsili şagird və tələbələrə çatdırırlar, yəni, icraçıdırlar. Onlar bir-birilə ünsiyyətdə olmur, eyni məsələni araşdırsalar da masanın müxtəlif tərəflərində qalırlar”.

 

Qonaq deyib ki, texnoloji vasitələr müəllimlərə şagird və tələbələrin ehtiyaclarını müəyyən etmək imkanı verir, eyni zamanda yanaşmalarda elmi və praktiki tərəfləri birləşdirir. Digər platforma vardır ki, burada hər bir sinifdə bir müəllim yanaşması həyata keçirilir, şagird sayı çox olsa da müəllim hər bir şagirdlə ünsiyyət saxlaya bilir.

 

Cənab Brizard səhiyyə ilə bənzətmə apararaq şagirdlərə yanaşmanı həkimin pasiyentə fərdi yanaşmasına bənzədib, orta statistik pasiyent olmadığı kimi, xəstənin fərqli şəkildə müayinə, müalicə edildiyi, müalicəsi üçün həkim komandası təhkim edildiyi kimi eyni yanaşmanı təhsildə də tətbiq etməyə çağırıb. “Hər bir tələbə bizim üçün fərdi və fərqlidir və onun təhsilinə bir və ya bir neçə müəllim cəlb oluna, komanda yanaşmasından istifadə oluna bilər”, - Jan Klod Brizard deyib.

 

Təhsilin qiymətləndirilməsi

 

Qiymətləndirmə məsələsində mühafizəkar davrandığını söyləyən qonaq təhsil sistemini vahid yaşayan canlı orqanizmə bənzədib və bu səbəbdən qiymətləndirilməsinin də kompleks və bütöv olmasının vacibliyini qeyd edib: “Təhsil sisteminin hansısa bir hissəsini deyil, onu bütövlükdə bir canlı vahid orqanizm kimi qiymətləndirmək lazımdır. Ən yaxşı nümunə kimi mən sizə Çikaqo Universitetinin “Beş təməl prinsipi”ni göstərə bilərəm. Burada birinci parametr dəstəkverici mühitin olmasıdır. Söhbət təhsil müəssisəsində mövcud olan münasibətlərdən, ab-havadan gedir. İkinci, dürüst, düzgün məlumatların verilməsidir ki, bunlar bal sistemi ilə riyazi qiymətləndirmə və s. ola bilər. Üçüncü parametr ailə iştirakçılığı yəni şagirdlərin ailələrinin təhsil prosesinə qatılmasıdır. Dördüncü parametr effektiv liderlikdir, yəni məktəbin inzibatçılığı sahəsində liderlik. Beşinci isə müəllimlər arasında əməkdaşlıq, həmrəylik kimi qiymətləndirilir. Bütün bu beş təməl prinsip qiymətləndirmənin ayrılmaz elementidir”.  

 

Baş icraçı direktor əlavə edib ki, qiymətləndirməni daha geniş götürməli, kompleks yanaşma nümayiş etdirilməlidir. Hər bir gəncin uzunmüddətli perspektivini düşünmək lazımdır. İbtidai, orta, yuxarı sinif və ali təhsil səviyyələrində qiymətləndirmənin bir-birilə zəncirvari əlaqəli olduğunu nəzərə çatdıran qonaq orta təhsil göstəricilərini şagirdlərin yuxarı sinif göstəricilərinə aparan bir yol kimi, yuxarı sinif, universitet məzunlarının da gələcək iş baxımından bacarıqlarını qiymətləndirmək lazım olduğunu vurğulayıb. Brizard bildirib ki, qiymətləndirmə təhsil ocağının divarları ilə məhdudlaşmamalıdır və həyat boyunca davam etməlidir.

 

J.K. Brizard deyib: “Cari qiymətləndirmə sistemində bir çox çatışmamazlıqlar vardır ki, artıq köhnəlib və bura sərmayə yatırmaq lazımdır. Xüsusilə şagird və tələbələrin bacarıqlarının qiymətləndirilməsi yenilənməlidir. Bizim təşkilatın çox intensiv şəkildə inkişaf etdirdiyi sahələrdən biri də texnologiyalar və süni zəkadır. Həyat yoldaşım koqnitiv inkişafla bağlı alimdir, uşaqların əqli inkişafı sahəsində mütəxəssisdir və onun apardığı tədqiqatlara görə uşağın inkişafı ilə bağlı 6 sahə vardır ki, birbaşa olaraq onun sonrakı nəticələrinə də dəlalət edir. Onlar arasında təməl akademik öyrənmə, psixososial amillər, koqnitiv inkişaf, mental və fiziki sağlamlıq, uşağın özünü dərk etməsi və fərdi şəkildə inkişafıdır. Fərdi inkişaf dedikdə söhbət özünü dərk edərək inkişafdan gedir”.

 

Rəqəmsal dünyada öyrənmək

 

Rəqəmsal dünyada öyrənmənin təşkil edilməsi haqqında sualı cavablandıran qonaq rəhbərlik etdiyi “Digital Promise Global” təşkilatının 3 dairə əsasında fəaliyyət göstərdiyini, birinci dairənin elmi-tədqiqat işləri olduğunu, təhsilin məhz elmi-tədqiqat tərəfini əhatə etməyə çalışdıqlarını diqqətə çatdırıb. Digər tərəfdən bütün bu fəaliyyəti icra edən tərəflərlə - nazirliklər, bu sahədə olan aparıcı qurumlarla işbirliyi apardıqlarını deyib. Üçüncü dairənin texnologiya olduğunu vurğulayaraq təhsilin gələcəyini məhz texnologiya vasitəsilə gördüklərini bildirib: “Texnologiya bizə barəsində danışdığımız fərdiləşmiş yanaşmanı həyata keçirməkdə kömək edir. Bir tərəfdən də süni zəkanın yaratdığı inqilablar, təhlil imkanları birmənalı olaraq təhsilin gələcəyinə aparan yollardandır. Təşkilatımızda biz rəqəmsal savadlılığa böyük yer ayırırıq. Bu sahədə bizim əməkdaşlıq etdiyimiz bir sıra təşkilatlar var. Bizim rəqəmsal savadlılıq proqramlarımız tək şagirdlər üçün deyil, həmçinin müəllimlər üçün də nəzərdə tutulub. Şagird və tələbələr gələcək fəaliyyətlərində texnologiyalar sahəsində ixtisasartırma baxımından bizim proqramlardan istifadə edə bilərlər. Hazırda bizim fəaliyyətimizin ana fəlsəfəsi budur ki, təhsil sahəsində təqdim etdiyimiz resurslar tək imkanlı şəxslər üçün deyil, bütün dünya üçün əlçatan olsun”.

 

Şagird nailiyyətləri üçün aydın standart çərçivənin müəyyənləşməsi, innovativ məktəb dizaynlarında yüksək gözləntilərin yaradılması, dataya əsaslanan tədrisin təşkili, hesabatlılıq məsuliyyətinin formalaşdırılmasının vacibliyinə də toxunan təşkilat rəhbəri mənzərənin bütün elementlərinin vahid şəkildə işləməsi üçün əlaqələndirilmiş, yaxşı koordinasiya edilmiş yanaşmanın önəmindən bəhs edib: “Bir tərəfdən bizdə yaxşı data, məlumatlar olmalıdır ki, onların əsasında düzgün qərarlar qəbul edək və gənclərin biliklərini qiymətləndirək. Digər tərəfdən effektiv liderlik, yaxşı kurikulumla birgə bunların hamısını kompleks şəkildə bir-birilə cilalanmış formada qiymətləndirmək lazımdır. Kompleks yanaşmanı qeyd etdim, bununla yanaşı gərək resurslara qənaət edilməsin. Resurs dedikdə mən vaxtı, insanları və maddi vəsaiti nəzərdə tuturam. Bunların üçü də təhsilin keyfiyyətli şəkildə tərtib olunmasına sərf olunmalıdır. Və bu artan formada, azdan çoxa doğru getməlidir.  Necə ki, Sinqapurda illər öncə başlıca resurs kimi insanların, xüsusilə müəllimlərin təkmilləşdirilməsinə vəsait ayırdılar və dünyada nömrə bir təhsil sisteminə nail oldular. Həmçinin ona bənzər ssenari üzrə inkişaf edən Estoniyanı da qeyd edə bilərik. Odur ki, burada resursların səfərbər olunması olduqca önəmlidir”.

 

Uğurlu məktəb modeli

 

Jan Klod Brizard qeyd edib ki, yeni bir məktəb dizayn etsəydi kurikulumu yeniləyər, yeni kurikulumda xüsusilə uşaqların inkişafını əks etdirən elmi nailiyyətləri əsas götürərdi, uşağın inkişafında olan əsas mərhələləri, elmi ixtiralar və nəticələri kurikuluma daxil edərdi, bu isə nəticə etibarilə həm şagirdlərə, həm müəllimlərin bacarıqlarının artırılmasına müsbət təsir göstərərdi. Edəcəyi ən böyük dəyişiklik məhz sinifdə yanaşma olacağını diqqətə çatdıran qonaq bildirib ki, quracağı məktəbdə bir müəllim və bir auditoriya deyil, bir neçə müəllimin bir auditoriyada işləyər, prosesə valideynləri də cəlb edərdi ki, heç bir şagird kənarda qalmasın.

 

Cənab Brizard həmçinin məktəbdə müasir texnologiyalardan da mümkün qədər faydalı şəkildə istifadə edilməli olduğunu bildirib. 

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında baş  icraçı direktor aşağıdakı çağırışları səsləndirib: “İlk növbədə biz uğurun tərifini verməliyik ki, təhsildə müvəffəqiyyət, uğur nə deməkdir və hansı anlam kəsb edir? Təhsil birmənalı olaraq hər bir xalqın gələcəyini müəyyən edən başlıca sahədir. Yaxşı təhsil uğurlu gələcək, firavan millət və sabit iqtisadiyyat deməkdir. Müəllimlərin əməyinin qiymətləndirilməsi məsələsi çox önəmlidir. Dünyanın bir çox yerində bu mənzərə ürəkaçan deyildir. Təhsil prosesinə ayrılan resurslar - insanlar, vaxt, sərmayə, həmçinin texnologiya və onun balanslı şəkildə təhsil prosesinə inteqrasiya edilməsi vacib məsələdir. Təhsil bitməyən, insanın həyatı boyunca davam edən prosesdir. Və ulduzun mərkəzinə “Şah əsəri” yazmaq olar”.

 

Görüşün sonunda “Digital Promise Global” təşkilatının prezidenti Jan Klod Brizard qlobal uğur qazanmaq istəyənlərə “Təhsil almaq, bilgi toplamaq yaxşıdır, lakin yanınızda bələdçilik edən şəxslərin olması da olduqca önəmlidir” fikrini səsləndirib.

 

Lamiyə ƏLİMƏRDANOVA