Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənələri günümüzdə də uğurla davam etdirilir, insan kapitalının inkişafı ilə bağlı dövlət strategiyaları və dövlət proqramları reallaşdırılır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin 28 fevral 2022-ci il tarixli sərəncamına əsasən təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ölkənin ehtiyac duyduğu prioritet sahələr üzrə kadr potensialının qarşılanması məqsədini daşıyır və hər il 400 nəfər olmaqla ümumilikdə 2000 nəfərin xaricdə təhsilinin maliyyələşdirilməsini hədəf götürür. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi Dövlət Proqramı çərçivəsində istedadlı gənclərin dünyanın qabaqcıl universitetlərindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaqdır.
Qeyd edək ki, avqustun 2-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub. Belə ki, 2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə 200 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb.
Proqram iştirakçıları sırasında cari ildə beynəlxalq reytinq sistemlərində yalnız universitetlər üzrə ilk onluqda yer almış ali təhsil müəssisələri üzrə 5 nəfər “Harvard University”, 1 nəfər “Massachusetts Institute of Technology”, 2 nəfər “Yale University”, 6 nəfər “Imperial College London”, 5 nəfər “University College London” və 1 nəfər “National University of Singapore”dan qəbul alıb.
Məlumat üçün bildirək ki, iyulun 14-də 2023-2024-cü tədris ili üzrə Dövlət Proqramı iştirakçısı adını qazanmış ilkin 134 nəfərin siyahısı barədə ictimaiyyətə məlumat verilib.
Dövlət Proqramından yararlanan təqaüdçü gənclərimizlə yaxından tanış olduq, təcrübə və təəssüratlarını dinlədik. Gənclərimizin uğur hekayələrini oxucularımızla bölüşürük.
“Dünyanın ən nüfuzlu universitetinin tələbəsi olmaq çox qürurvericidir”
ABŞ-ın Harvard Universitetində təhsil alacaq Məhəmməd Əfəndiyev: “Mən 2011-ci ildə Bakı Özəl Türk Liseyinin məzunu olmuşam. Bilkent Universitetində “Biznesin idarəedilməsi” ixtisası üzrə bakalavr təhsili almışam və ən yüksək nəticə ilə təhsilimi başa vurmuşam. Eyni zamanda universitetdə Bilkent Azərbaycan Cəmiyyətini yaratmışam və 250-dən çox azərbaycanlı ilə bərabər fəaliyyət göstərərək ölkəmizi xarici tələbələrə tanıtmışıq. Universiteti bitirdikdən sonra 3 ildən çox müddətdə Türkiyənin ən böyük şirkətlərindən biri olan “Rönesans Holding”də maliyyəçi işləmişəm. 2020-ci ildə Bakıya qayıdaraq “McKinsey & Company” şirkətində məsləhətçi vəzifəsində çalışmağa başlamışam.
Bir vətəndaş olaraq Dövlət Proqramından yararlanan gənc kimi Elm və Təhsil Nazirliyinin fəaliyyətini çox yüksək dəyərləndirirəm. Mən Harvard Universitetinin magistratura səviyyəsində “Biznesin idarəedilməsi” (MBA) ixtisası üzrə təhsil alacağam. MBA hazırda dünyada ən nüfuzlu proqramlardan biri hesab edilir. Təhsilimi bitirdikdən sonra Vətənə dönüb Azərbaycanda, ilk növbədə, səhiyyənin idarəedilməsinin inkişafı ilə bağlı müəyyən layihələr həyata keçirmək arzusundayam. Bu layihəyə icbari tibbi sığortanın təkmilləşdirilməsi və səhiyyə sisteminin rəqəmsallaşdırılması kimi əhəmiyyətli proqramlar daxildir. Eyni zamanda sosial fəaliyyətlərlə cəmiyyətimizə fayda verən layihələr üzərində işləməyi planlaşdırıram. Harvard kimi dünyanın ən nüfuzlu universitetinin tələbəsi olmaq çox qürurverici duyğudur. Mən ölkəmi dünyanın ən nüfuzlu universitetində belə bir platformada təmsil etdiyim üçün qürur duyuram. Ən böyük arzum orada insanlarda Azərbaycanla bağlı müsbət təəssüratlar yaratmaq və özümü yüksək səviyyəli peşəkar mütəxəssis kimi yetişdirərək ölkəmə fayda verməkdir”.
“Əminəm ki, ölkəmizin gələcək inkişafına öz töhfəmi verəcəyəm”
Türkiyə Respublikasının Sabancı Universitetində təhsil alacaq Tural Abdulla: “Mən 2006-cı ildə Gəncə şəhərində anadan olsam da valideynlərimin işi ilə əlaqədar tez-tez köçmək məcburiyyətində qaldığımız üçün təhsilimi müxtəlif orta məktəblərdə almışam. Birinci sinfə Bakı şəhəri C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə getsəm də, daha sonra təhsilimi 67 nömrəli tam orta məktəbdə davam etdirib, son olaraq bu il Avropa Azərbaycan Məktəbindən məzun olmuşam. Oxuduğum hər bir məktəb dünyagörüşümün formalaşmasında və əldə etdiyim uğurlarda xüsusi rol oynayıb. İndiyə kimi yadımdadır, 2015-ci ilin aprel ayında “Azərbaycan müəllimi” qəzetinə öz nailiyyətim barədə müsahibə vermişdim. Həmin vaxt mən ABŞ-da keçirilən Şagirdlərin 2-ci Film Festivalında uğur qazanaraq xüsusi fəxri fərmana layiq görülmüşdüm. Dəqiq və təbiət elmlərinə marağım sayəsində 2016-cı ilin 21mart tarixində dünya məktəbliləri arasında onlayn riyaziyyat yarışmasında (Mathletics) qızıl medal qazanmışdım. Bundan əlavə 2019, 2020, 2022-ci illərdə Bakıda keçirilən beynəlxalq “Dünya Alimlər Kuboku” Olimpiadasında iştirak edərək müxtəlif kateqoriyalar üzrə ümumilikdə 9 qızıl, 8 gümüş medal, 3 kubok qazanmışam. Bu il mən ABŞ, Böyük Britaniya, Türkiyə və sair ölkələrin nüfuzlu universitetlərindən mühəndislik və kompüter elmləri ixtisasları üzrə qəbullar almışam. Bu universitetlərin bəziləri mənə 25-75 faizlər arası təqaüd təklif etmələrinə baxmayaraq, xaricdə təhsil üzrə Dövlət Proqramına müraciət edərək tam təqaüd əldə etdim. Proqramın şərtlərinə uyğun olaraq Türkiyənin Sabancı Universitetində “Kompüter elmləri və mühəndisliyi” ixtisası üzrə təhsil almağı üstün tutdum. Mən bu il bakalavr üzrə Dövlət Proqramının qalibi olmuş 80 nəfərdən biri olduğum üçün çox sevinirəm. Əminəm ki, Dövlət Proqramının mənim təhsilimə yaratdığı bu gözəl imkan sayəsində ölkəmizin gələcək inkişafına öz töhfəmi verəcəyəm”.
“Davamlı inkişafımıza dəstək olmaq mənim ən böyük hədəflərimdəndir”
ABŞ-ın Harvard Universitetində təhsil alacaq Ayla Əliyeva: “Mən Bakı Oksford Məktəbinin məzunuyam. Bununla yanaşı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “AZMUN” proqramı çərçivəsində Bakı Beynəlxalq BMT Simulyasiyalarında baş katib və komitə sədri, Avropa Gənclər Parlamentində (AGP) Milli Koordinasiya departamentinin üzvü, təşkilatçısı, komitə sədri, Bakı Oksford Məktəbinin Tələbə Şurasının prezidenti, məktəbin Musiqili Teatr klubunun təsisçisi vəzifələrini icra etmişəm. Dövlət Proqramı mənim kimi gənclərin intellektual, şəxsi inkişafı üçün imkan yaradıb və gələcək nəslin cəmiyyətdə fəal rol almağında böyük bir dəstəkçidir. Bu proqramın bir hissəsi olmağım üçün çox şadam və qəbul olunduğum universitetin mədəni və akademik mübadiləsində iştirak etməyə hazıram.
Mən dünyanın ən nüfuzlu ali təhsil ocağı hesab edilən Harvard Universitetində “Dövlət idarəetməsi” ixtisası üzrə təhsil alacağam. Harvard Universitetindən çox yüksək gözləntilərim var. Fərqli ölkələri təmsil edən müxtəlif mədəniyyətlərlə tanış olub akademik imkanlardan yararlanmağa yaxşı mənada həyəcanlıyam. Cəmiyyətimizə fayda gətirmək və davamlı inkişafımıza dəstək olmaq mənim ən böyük hədəflərimdən biri olmasını əminliklə deyə bilərəm”.
“Gələcəkdə ölkəmizdə müəllim kimi fəaliyyətimi davam etdirmək istəyirəm”
Böyük Britaniyanın Qlazqo Universitetində təhsil alacaq Şəhla Abbaszadə: “Mən 2008-2019-cu illərdə Lənkəran şəhəri V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə təhsil almışam. 2015-ci ildə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin keçirdiyi olimpiadada Rus dili və ədəbiyyatı üzrə 3-cü yerə layiq görülmüşəm. 2019-2023-cü illərdə Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimliyi” ixtisası üzrə bakalavr təhsili almışam və universiteti fərqlənmə ilə bitirmişəm. Azərbaycan Dillər Universitetində oxuduğum müddətdə Bakı Amerika Mərkəzində könüllü olaraq müəllim kimi işləmişəm. Bununla yanaşı Landau Məktəbində təcrübə keçmişəm.
Uşaqlıqdan xarici ölkələrin nüfuzlu universitetlərinin birində təhsil almaq ən böyük arzum olub. Eşidəndə ki, dövlət gənclərə belə bir fürsət yaradır, mən də iştirak etmək qərarına gəldim. Müsahibədən uğurla keçdiyimi biləndə çox sevindim və qürurlandım. Artıq sentyabrda Qlazqo Universitetində “İnklüziv təhsil: araşdırma, siyasət və təcrübə” ixtisası üzrə təhsil alacağam. Xaricdəki təhsilimi uğurla başa vurub ölkəmizdə müəllim kimi fəaliyyətimi davam etdirmək istəyirəm”.
Lamiyə ƏLİMƏRDANOVA