MİQ-in müsahibə mərhələsi başladı


2023-2024-cü tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqə sona yaxınlaşır. Artıq iki gündür müsahibə mərhələsi başlayıb. Bu mərhələyə 5660 nəfər dəvət edilib.

 

Müsahibələrin start götürdüyü gün  - avqustun 9-da “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı da prosesi yaxından izləyib.

 

Azərbaycan Texniki Universitetinin İdman Sarayı necə həyəcanlar görüb... Axı, müəllimlərin işə qəbulu müsabiqəsinin ilk günlərindən müəllimlik üçün yarışanlara meydan, qaliblərin qətiyyətinə, özünü təsdiqetmə bacarığına səhnə olub. Burada yenə həyəcandolu anlar yaşanır.

 

Gərgin hazırlıqdan sonra...

 

Həmin gün müsahibəyə 753 nəfər dəvət olunub. Onlardan biri - Kubra Bayramova komissiya qarşısına çıxmağa hazırlaşır. Həyəcanı gözlərindən oxunur: “Əslində, test imtahanından daha çox bal toplaya bilərdim. Daha yüksək nəticə gözlədiyim üçün çoxları kimi mən də imtahandan çıxanda ağlayırdım. Çünki ilboyu ancaq çalışmışam”.

 

O, Tərtər rayonundandır, amma Bakıda yaşayır. 2018-ci ildə Sumqayıt Dövlət Universitetini “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə bitirib. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk iştirakı da deyil, ilk uğuru da: “Bir il müddətli müqavilə ilə Lerik rayonunun Çaylı kəndində işlədim. Pandemiya dövrü olduğu üçün yoldaşım da mənimlə gedə bildi. O, öz işini onlayn görürdü”.

 

K.Bayramova 64.25 balla test imtahanından uğurla keçənlərdəndir. Bakı şəhəri 234 nömrəli tam orta məktəbdə vakant yer tutub. Seçdiyi məktəblə tanışdır: “Buzovna qəsəbəsində yaşayıram, məktəb də ordadır. Çox yaxşı məktəbdir”. 

 

 

“Nəticənin uğurlu olacağına inanıram”

 

Fərid Musayev uğurla çıxdığına inanır. O, Bakı Dövlət Universitetin 2017-ci il məzunudur. Amma ilk dəfə müəllimlərin işə qəbulu müsabiqəsinə qatılıb. 61 bal toplayaraq vakansiya seçmək hüququ qazanıb. Seçdiyi vakansiyalar arasında Şirvan şəhər 16 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris etmək şansı əldə etdiyindən müsahibə mərhələsinə dəvət olunub: “Müsahibədə əsas nitqə fikir verirlər, axıcı danışmaq lazımdır. Psixoloji suallar verdilər. Sinfi necə idarə etmək, şagirdlərlə necə ünsiyyət qurmaq lazım olduğunu soruşdular. Məncə, yaxşı keçdi. Nəticənin uğurlu olacağına inanıram”.

 

Müsahibə başlayanda həyəcanlanıb: “İlk saniyələrdə çox həyəcanlı idim, sonradan həyəcanım keçdi. Suallara cavab verdim, ancaq cavab tapmaqda çətinlik çəkdiyim nüanslar da oldu”.

 

Seçdiyi vakansiyaya yerləşdiriləcəyi təqdirdə onu necə məktəb gözləyir? F.Musayev deyir ki, işləyəcəyi məktəblə tanışdır: “Məktəbdə dəfələrlə olmuşam. Həm yaşayış yerimə yaxındır, həm də yaxşı məktəbdir. Gələcək üçün yaxşı tramplindir”.

 

Var gücü ilə çalışacaq ki, yaxşı müəllim olsun: “Müəllim də şagirdlə bərabər oxumalı, daim axtarışda olmalıdır”.  

 

Həyəcan davam edir

 

İlk gün informatika, musiqi, rus dili, fransız dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil olundu.

 

Müsahibələr avqustun 18-dək davam edəcək.

 

Ruhiyyə DAŞSALAHLI