Avqustun 5-də elm və təhsil nazirinin müavini İdris İsayev Türkiyənin İstanbul şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təhsil İnstitutunun Himayəçilər Şurasının dördüncü iclasında iştirak edib.

 

Tədbirdə Türkiyənin milli təhsil naziri Yusuf Tekin, Pakistanın federal təhsil və peşə təlimi naziri Rana Tanvir Hussain, İƏT-in Təhsil İnstitutunun prezidenti Mehmet Akif Kireçci, Özbəkistanın məktəbəqədər və məktəb təhsili nazirinin müavini Usman Şarifxocayev iştirak ediblər. İran İslam, Qırğız və Tacikistan respublikalarını təmsil edən nümayəndələr tədbirə virtual şəkildə qoşulublar.

 

İclas zamanı çıxış edən İdris İsayev “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq təhsil sahəsində aparılan islahatlar və onların müsbət nəticələri barədə məlumat verib. Nazir müavini həmçinin İƏT-ə üzv dövlətlərlə təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivlərindən danışıb. Tədbirdə İƏT-in Təhsil İnstitutunun Azərbaycan Respublikasının Təhsil İnstitutu və yerli ali təhsil müəssisələri ilə təhsilin müxtəlif istiqamətləri üzrə həyata keçirdiyi fəaliyyətlərin əhəmiyyəti vurğulanıb.

 

Tədbir zamanı Mehmet Akif Kireçci növbəti 3 il müddətinə İƏT-in Təhsil İnstitutunun prezidenti seçilib. İclasda həmçinin İƏT-in Təhsil İnstitutunun fəaliyyətinin gücləndirilməsi məqsədilə 2023–2025-ci illər üçün İş Planı qəbul olunub.