İyulun 31-dən avqustun 6-dək Bolqarıstanda ali məktəb tələbələri arasında Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib. Olimpiadada Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinin riyazi analiz kafedrasının müdiri professor Rəşid Əliyevin rəhbərliyi ilə III kurs tələbələri Vüqar Quliyev, Amil Cəbiyev və II kurs tələbəsi Coşqun Məmmədov iştirak ediblər.  

 

Beynəlxalq Riyaziyyat Olimpiadasında göstərdiyi nəticələrə görə Vüqar Quliyev I yeri qazanaraq qızıl medala sahib olub. Amil Cəbiyev həvəsləndirici diploma, Coşqun Məmmədov iştirak sertifikatına layiq görülüb.    

 

BDU-nun rektoru Elçin Babayev olimpiadada yüksək nəticələr göstərən tələbələri qəbul edib, onlara uğurlar arzulayıb. Rektor BDU-da olimpiada hərəkatının gündən-günə genişləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, bununla bağlı xüsusi mərkəzin yaradılması, fizika, kimya, riyaziyyat və informatika fənləri üzrə tələbə və şagirdlərin olimpiadalarda iştirakına xüsusi diqqət ayrılması, məşğələ aparan müəllim və olimpiada rəhbərlərinin mükafatlandırılması nəzərdə tutulub. 

 

Qeyd edək ki, BDU Elmi Şurasının qərarı ilə respublika və beynəlxalq fənn olimpiada qaliblərinin BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunması da qərara alınıb.