Bakı Ali Neft Məktəbi (BANM) 12-16 yaşarası məktəbli və yeniyetmələr üçün təşkil edilən “Cyber Summer School - 2023” beynəlxalq yay məktəbinin iştirakçılarının bilik yarışı və yay məktəbinin bağlanış tədbirinə ev sahibliyi edib.
Bağlanış tədbirində aidiyyəti dövlət qurumlarının, xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin nümayəndələri, eləcə də ali təhsil müəssisələrinin rəhbər şəxsləri çıxış ediblər.
24-29 iyul tarixlərini əhatə edən yay məktəbi Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, “Azerconnect MMC”, “Caspel”, “Cyberpoint”, “Techpro DC” və “Huawei Technologies” şirkətlərinin sponsorluğu, “Gesco”, “A2Z Technologies”, “CISCO” və “Azerobot” şirkətlərinin tərəfdaşlığı ilə keçirilib.
“Cyber Summer School - 2023” yay məktəbinin əhatə dairəsi və beynəlxalq əhəmiyyəti bu il daha da genişləndirilib. Yay məktəbinə Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan yeniyetmələr, o cümlədən Vətənimiz uğrunda şəhid olmuş qəhrəmanlarımızın övladları olmaqla, ümumilikdə 125 iştirakçı cəlb edilib.
Ödənişsiz əsaslarla ingilis dilində təşkil edilən beynəlxalq yay məktəbinə 12-16 yaş aralığında olan, zəruri ingilis dili, habelə informasiya texnologiyaları üzrə biliklərə malik və müsabiqədən keçmiş şəxslər iştirak ediblər.
BANM-də təşkil edilən təlim və praktiki seminarlar Azərbaycan, İsrail və Türkiyənin sahə üzrə ekspertləri tərəfindən həyata keçirilib. Ümumilikdə, yay məktəbində 20 təlimçi tərəfindən kibertəhlükəsizliyin müxtəlif aspektləri üzrə 20-dən çox təlim və praktiki seminarlar, 29 iyul tarixində isə yay məktəbi iştirakçıları arasında bilik (“CTF”) yarışı təşkil olunub. Bağlanış tədbirinin sonunda bilik yarışının qalibi olan komandalar mükafatlandırılıb və yay məktəbinin iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib.
2021-ci ildən etibarən ənənəvi olaraq hər il həyata keçirilən layihənin əsas məqsədi tərəfdaş ölkələrdən olan yay məktəbi iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, habelə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişdirilməsinə dəstək verməkdir.