2023/2024-cü tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbi arasında beynəlxalq ikili diplom proqramı üzrə magistratura səviyyəsinə dövlət sifarişi əsasında “Menecment” (təhsilin təşkili və idarə olunması) ixtisası üzrə tələbə qəbulu həyata keçirilib.
Belə ki, beynəlxalq proqramın IV qəbuluna sənədlərini təqdim etmiş və DİM-də magistartura imtahanı vermiş namizədlərdən ən layiqli 40 nəfəri proqrama qəbul olunub.
Avqustun 1-də Bakı şəhərində işə başlayan ikili diplom proqramının IV qəbul magistarantları üçün “Yay İnstitutu”nun açılışında ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbinin professoru Kolin Qrin və Corc Vaşinqton Universiteti tərəfindən proqramın direktoru Sevinc Məmmədova iştirak ediblər. Üç gün davam edəcək “Yay İnstitutu”nda magistrantlara proqram çərçivəsində akademik proses və qaydalar, qiymətləndirmə meyarları, tədqiqat və təcrübə proqramları haqqında məlumat veriləcək və onların sualları cavablandırılacaq.
Xatırladaq ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən bu proqramdan 2022-ci ildə 22 nəfər, 2023-cü ildə isə 19 nəfər məzun olub.