Dövlət İmtahan Mərkəzinin (DİM) 2023/2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında ən yüksək bal toplayaraq ölkə birincisi olan Cavid Nəzərov, II ixtisas qrupu üzrə ikinci ən yüksək bal toplayan Nicat Səmədli, II ixtisas qrupu üzrə blok imtahanında ən yüksək nəticə göstərən Aqilə Tağıyeva, I ixtisas qrupunun blok imtahanında maksimal bal toplayan abituriyentlər - Saud Hüseyn və Emil Abdullayev Bakı Ali Neft Məktəbini (BANM) seçirlər.

 

Təhsil ocağından bildirilib ki, qəbul imtahanlarında ümumilikdə 692,8 bal toplayan Cavid Nəzərov BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasında təhsil almaq niyyətindədir. O bildirir ki, Bakı Ali Neft Məktəbi ölkədə ən qabaqcıl universitetlərdən biri olduğuna görə burada təhsil almaq arzusundadır: "10-cu sinifdə oxuyarkən təhsil alacağım universitet barədə qərar vermək istəyirdim.Təhsil aldığım Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 11-ci sinif şagirdlərinin hansı universitetlərə daha çox üstünlük verdikləri ilə maraqlandım. Onların əksəriyyəti seçimlərinin BANM olduğu bildirdilər. Mən də araşdırıb gördüm ki, BANM həqiqətən də ən yaxşı universitetlərdən biridir".

 

686,4 bal toplamaqla II ixtisas qrupunda ikinci ən yüksək nəticəni göstərən və BANM-in “Biznesin idarə edilməsi” ixtisasında təhsil almağı arzulayan Nicat Səmədli bildirir ki, tədrisin ingilis dilində olması, dərslərin peşəkar müəllim heyəti tərəfindən keçirilməsi, məzunların dünyanın müxtəlif universitetlərində təhsillərini davam etdirməsi və müxtəlif nüfuzlu şirkətlərdə çalışması onun seçimində rol oynayıb.

 

II ixtisas qrupu üzrə  blok imtahanında 396,2 bal toplayaraq ən yüksək nəticəni göstərən (ümumi bal 673,2) Aqilə Tağıyeva bildirir ki, 10-cu sinifdən Bakı Ali Neft Məktəbinin tələbəsi olmağı arzulayıb və bunun üçün əzmlə çalışıb. O, BANM-i seçmə səbəbini yüksəksəviyyəli ingilis dilində tədrisin olması, istehsalat təcrübəsinin keçirilməsi, məzunların geniş imkanlar əldə etməsi ilə izahlayır.

 

I qrup üzrə blok imtahanında maksimum bal toplayan Saud Hüseyn (ümumi 686,3 bal) Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasını seçmək niyyətindədir. O bildirir ki, aşağı siniflərdən Bakı Ali Neft Məktəbinin tələbəsi olmağı arzulayıb. Saud vurğulayır ki, xüsusilə BANM-də keçirilən bir tədbir zamanı kampus ərazisi ilə tanış olub, şəraiti, mühiti gördükdən sonra burada təhsil almaq üçün daha böyük əzmlə çalışıb. 

 

I qrupun blok imtahanında maksimal bal toplayan digər abituriyent Emil Abdullayev (681 bal) bildirir ki, Bakı Ali Neft Məktəbini perspektivli universitet hesab etdiyi və təhsilin keyfiyyətindən əmin olduğu üçün seçir: “Burada təhsil alan çoxlu tanışlarım var. Onların hamısı Bakı Ali Neft Məktəbində təhsilin səviyyəsindən çox razıdırlar və mənə də buranı seçməyi tövsiyə ediblər”.