Azərbaycan Dillər Universitetinin (ADU) tarixində ilk dəfə olaraq magistratura səviyyəsi üzrə I turla tələbə qəbulu 95,2% olub.
Universitetin Magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva bildirib ki, magistraturaya qəbul 2018-2019-cu tədris ilində 71%, 2019-2020-ci tədris ilində 74%, 2020-2021-ci tədris ilində 84,2%, 2021-2022-ci tədris ilində 88,7% təşkil edib. 2022-2023-cü tədris ilində isə magistr səviyyəsi üzrə qəbul 95,2 % olub və bu nəticə universitetdə müasir tələblər səviyyəsində həyata keçirilən layihələrə, keçirilən əhəmiyyətli tədbirlərə, həmçinin rəhbərliyin uğurlu fəaliyyətinə bağlı olaraq qiymətləndirilir.
Belə ki, ali təhsil müəssisəsi QS (QS World University Rankings by Subject 2023) sahələr üzrə dünya universitetlərinin “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olub. İkili diplomlar, xarici ölkələrdə tələbə mobilliyi, tərcümə proqramları, inkluziv təlim üzrə peşəkar hazırlıqlar, yüksək bilik, bacarıqlı akademik və professor heyətinin ustad dərsləri universitetə olan marağı daha da artırıb:”Hətta bəzi ixtisaslara maraq demək olar azalmışdı, lakin bu il həmin ixtisaslara da məzunlar tərəfindən maraq göstərilib”.
“Eyni zamanda universitetimizdə magistr səviyyəsi üzrə əcnəbi tələbələr də təhsil almağa böyük maraq göstərirlər və nəticələr bizi daha da ruhlandırır. ADU-da əmək bazarındakı dayanıqlığın təmin olunması istiqamətində daima zəruri addımlar atılıb. Belə ki, hər tədris ilində dövrün tələblərinə uyğun yeni və müasir ixtisaslar tələbələrin seçiminə verilib. Həmçinin, bu tədris ilində də bir neçə yeni ixtisas təqdim edilib və qəbul ötən illərdə olduğu kimi 100% təşkil edib”-deyə şöbə müdiri vurğulayıb.