PKPD -Pedaqoji Kadrların Dəyərləndirilməsi MEYARLARI
Hər bir müəssisə və ya təşkilat işçilərin peşəkarlıq səviyyəsinin müasir dövrün tələbləri ilə uyğunlaşmasını təmin etmək üçün müxtəlif təlim-treninqlər, görüşlər, konfranslar, peşə turları həyata keçirir. Görülən tədbirlərin effektivliyini yoxlamaq üçün kadrların bilik və bacarıqlarının ölçülməsi məqsədilə imtahanlar təşkil edir. Texnologiyalar əsrində hər bir qurum mütəxəssislərinin peşəkarlıq səviyyəsinin müasir tələblərə cavab verməsini təmin etmək üçün bu prosesin təşkilinə səy göstərir.
Cəmiyyətin aparıcı sahəsi olan təhsil sistemi və onun kadrları inkişafın barometri sayıla bilər. Təhsil sistemindəkilərin peşəkarlıq səviyyəsi digər sahə mütəxəssislərinin də analoji səviyyəsinin təminatçısıdır. Bu baxımdan, onların peşəkarlıq səviyyəsi daim nəzarətdə saxlanılmalı, elmi-metodiki bacarıqlarının zamanla uyğunlaşdırılması təmin edilməli və bu bacarıqlar müntəzəm ölçülməlidir. Pedaqoji prosesə “çörək ağacı” kimi baxmaq kimi yanlış yanaşmadan uzaqlaşmaq təkcə müasir dövrün deyil, bütün tarixin tələbidir. İşin ciddiyyətini əsaslandırmaq üçün xeyli arqument gətirməyə ehtiyac yoxdur. Ömürboyu təhsil pedaqoji kadrların hər gün baş verən yeniliklərlə tanış olmağını təmin edir, bu təminatın səviyyəsi isə müxtəlif üsullarla ölçülə bilər. Bu barədə bir az sonra qeydlərimiz olacaq, indi isə təhsilimizin bu günü və ora gəldiyimiz yol barədə söz açaq.
Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi ilk dövrlərdə təhsil sistemimizdə əsaslı dəyişiklik etmək üçün onun əsasını təşkil edən yeni Təhsil Qanunu qəbul edildi, ali məktəblərə qəbul sistemində inqilabi dəyişiklik edildi. Sonrakı dövrlərdə də müəyyən islahatlar aparıldı, lakin bu islahatlarda bir sistemsizlik özünü göstərirdi. Təhsilin müxtəlif səviyyələri: orta təhsillə ali təhsil arasında eyni zamanda islahat aparılmaması bir çox hallarda uyğunsuzluq yaradırdı.
Son dövrlərdə baş verən islahatlar, bir çox hallarda tənqidlə qarşılansa da, prosesə ümidlə baxıram. Bu ümid prosesin davamlı və sistemli keçəcəyinə ümidlə şərtlənir. MİQ imtahanları, məktəb idarəetməsinin əsas simaları olan direktor və müavinlərinin müsabiqə yolu ilə təyin edilməsi, təhsilin müxtəlif sahələri üzrə təlim-treninqlərin təşkili, müxtəlif mövzularda aparılan müzakirələr, Elm və Təhsil Nazirliyi rəhbərliyinin cəmiyyətə açıq olması, təhsil idarələrinin struktur dəyişikliyi də bu ümidi artırır.
MİQ imtahanlarının keçirilməsi təhsilverənlərin keyfiyyətinin müəyyən edilməsinə xidmət edirdisə, sertifikasiya imtahanları - bu istiqamətdə artıq ilk addımlar atılır - təhsilverənlərin peşəkarlıq səviyyəsinin inkişaf dinamikasını izləməyə xidmət edəcək. İlkin məlumatlara görə, sertifikasiyanın test mərhələsində təhsilverənlərə təqdim edilən iki istiqamətdə suallar onların ixtisas bilikləri ilə yanaşı müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri mövzularını və s. əhatə edir.
İmtahanın ilkin mərhələsində aparılan müşahidələrdən çıxan nəticə belədir ki, imtahanqabağı aparılan qaralama kampaniyası iflasa məhkumdur. İmtahandan yüksək bal toplayanların özünəinamı, digərlərinin də hazırlaşma mərhələsində əldə etdikləri bilik və bacarıqlardan yaranan öyrənmə həvəsi əsassız giley-güzarı kölgədə qoyacaq. Digər tərəfdən öz bacarığına inanan müəllim daim öz üzərində işləməklə inkişafını, əməyinin daha yüksək əməkhaqqı ilə dəyərləndirilməsini təmin edəcək. Bu isə müəllimin əməyini stimullaşdırmaqla yanaşı digər təhsilverənlər üçün nümunə olmaqla təhsilin keyfiyyətinin yüksəlməsini təmin edəcək. Düşünürəm ki, imtahan nəticəsində yaranan müəllim özgüvəni gələcəyin azad və müstəqil müəllimini formalaşdırır. Azad düşüncəli müəllimin yetişdirdiyi vətəndaş da azad olacaq. Bu baxımdan sertifikasiya imtahanı haqqında qərar hədəfə köklənmiş, uzun proses tələb edən bir qərardır. Lakin fikirləşirəm ki, bu imtahan sadəcə biliyin ölçülməsi ilə kifayətlənməli deyil, daha genişmiqyaslı olmalıdır. Çünki bu günün müəllimi sadəcə biliklə sinifdə lider ola bilməz. Digər tərəfdən müəllimlik üçün bilikdən daha vacib dəyərlər var: nitq, ünsiyyət bacarığı, davranış, psixoloji durum, emosional zəka və s.
Bəzən faktoloji biliyi üst səviyyədə olmayan müəllimlər olur ki, o, həm sevilir, həm də ciddi hörmət sahibidir. Onun digər bacarıqları biliyinin tam olmamasını əvəzləyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək deyil. Bu, bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Çünki bu gün cəmiyyətə bilikli, eyni zamanda vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanların yetişdirilməsi daha çox vacibdir. Buna görə də sertifikasiya imtahanlarının keçirilməsi üçün uzun müddətdir ki, üzərində işlədiyim və Hədəf Konseptinin tərkib hissəsi olduğu üçün artıq sınaqdan çıxardığımız bir sistemi təklif edirəm. Biz bu sistemin adını PKPD - Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi qoymuşuq.Bu sistem düzgün işlədilərsə, bir müəllimin bütün tərəflərini dəyərləndirmək və haqqı olanı vermək imkanına sahib olarıq.
Pedaqoji heyətin dəyərləndirilməsi aşağıdakı meyarlar üzrə ümumi 100 ballıq şkala ilə qiymətləndirilir. Bura aiddir:
Pedaqoji işçinin
- balabilgə dəyərləndirilməsi - 30 bal
- özünüqiymətləndirmə - 10 bal
- rəhbərlik qiymətləndirməsi - 10 bal
- müəllimin peşəkər inkişaf portfoliosu - 50 bal
1. Şagird dəyərləndirilməsi - 30 bal
1.1. Şagirdin fənni mənimsəməsi - 15 bal
İllik qiymətlərin ortalamasına əsasən şagirdlərin biliyinin mənimsəmə faizi əsas götürülür. Belə ki, bir müəllimin 2 sinfi və hərəsində 15 şagirdi varsa, sinfin fənn üzrə ortalama balı 15 bala nisbətdə müəyyənləşdirilir. Məsələn, sinfin ortalama mənimsəmə balı 100 üzərindən 50-dirsə, deməli, müəllimə bu parametr üzrə 7,5 bal yazılacaq.
Burada əldə etdiyimiz müəllimin öyrətmə bacarıqlarını, işinə olan məsuliyyətini dəyərləndirək.
1.2. Şagird sorğusuna əsasən - 15 bal
Birinci yarım ilin sonunda şagirdlərlə onlayn anonim sorğu keçirilir, şagirdlər müəllimləri 100 ballıq şkala ilə qiymətləndirir, onun nəticəsindən çıxan ortalama nəticə 15 bala nisbətdə müəyyənləşir. Bu, bizə imkan verir ki, müəllimin şagirdlərə olan münasibətini, davranışını, sevgi ilə yanaşmasını ölçək.
2. İşçinin öz-özünü qiymətləndirmə bacarığı- 10 bal
Hər bir təhsilverən özünü qiymətləndirməyi bacarmalı, özünə hesabat verməlidir. Özünü düzgün qiymətləndirməyi bacaranlar heç zaman ədalətsiz ola bilməz. Biz bu qiymətləndirmə ilə müəllimi özünü ölçməyə, özünə kənardan baxmağa sövq edirik. Bu zaman o öz problemlərini yaxşı bilib üzərində işləməyə məcbur olur. Özünüdərk təhsilin ana təməllərindən biridir.
Meyarlar:
2.1. Nizam-intizam qaydalarına riayətetmə bacarığı
2.2.Komandada iş bacarığı
2.3.Şagirdlə ünsiyyət bacarığı
2.4. Fərdi inkişaf bacarığı
3. Rəhbərlik tərəfindən (Direktor, Tədris işləri üzrə direktor müavini, Tərbiyə işləri üzrə direktor müavini, Kafedra müdiri və s.) müəllimin qiymətləndirilməsi - 10 bal
Meyarlar:
3.1.Nizam-intizam qaydalarına riayətetmə bacarığı
3.2. Komandada iş bacarığı
3.3.Şagirdlə ünsiyyət bacarığı
3.4. Fərdi inkişaf bacarığı
Bu qiymətləndirmə ilə biz müəllimin kollektivçilik, ünsiyyət, komanda bacarıqlarını ölçmüş oluruq. Məktəb bir cəmiyyətdir, müəllimin həmkarları ilə münasibətinin yaxşı olması, valideynlərlə ünsiyyət bacarığı, məktəbin ictimai həyatındakı aktivliyi onun əsas dəyərlərindəndir. Bir insan nə qədər yaxşı mütəxəssis olur-olsun, komandada işləmə bacarığı yoxdursa, deməli, görülən işin keyfiyyəti də yüksək ola bilməz.
4. Akkreditasiya - 50 bal
4.1. Attestasiya imtahanı -30 bal
Burada il sonunda müəllimin ixtisas biliyi ölçülür. Bu, bizə imkan verir ki, müəllim həmişə öz ixtisasını oxumaq və inkişaf etdirmək qabiliyyətinə malik olsun. Daimi təhsil, yeniliyə açıq, tələblərə cavab verən. Digər bir məsələ isə ixtisas biliyi ilə yanaşı öncədən müəyyən olunmuş pedaqoji vəsaitlər tövsiyə etməklə həmin vəsaitlərdən də suallar əlavə edirik. Beləcə, biz müəllimi özünüinkişafa sövq edir, onu təkmilləşdiririk.
4.2. Portfolio - 20 bal
4.2.1.Təhsil pilləsi üzrə qiymətləndirmə (max. 3 bal)
4.2.2. İşə davamiyyəti (HR) (max. 5 bal)
4.2.3. Beynəlxalq və ölkədaxili təlimlərdən sertifikatı; elmi-metodiki nəşrlərdə müəllifliyi; məqalə; təlimlərdə və konfranslarda çıxışı (max. 4 bal)
4.2.4.Olimpiada və digər fənn müsabiqələrində şagirdlərinin nəticəsi (max. 4 bal)
4.2.5.Məktəbdə təşkil etdiyi tədbir və həyata keçirdiyi layihələr, dövlət və digər təşkilatlarda həyata keçirdiyi və ya iştirak etdiyi qrant layihələr (max. 4 bal)
Portfolio məktəbin direktoru və kadrlar şöbəsi tərəfindən müəllimin illik fəaliyyəti əsasında aparılır. Bu zaman biz müəllimin nizam-intizamı, pedaqoji bacarıqları, elmi-metodiki fəaliyyəti, təşkilati işləri və s. ölçür, onu düzgün qiymətləndiririk.
PKPD hesablanma nümunə cədvəli
Attestasiya komissiyası pedaqoji işçinin attestasiyasının nəticəsi olaraq aşağıdakı qərarı verir:
- tutduğu vəzifəyə uyğundur: 30 - 100 bal;
- tutduğu vəzifəyə uyğun deyil: 0 - 29 bal.
Gördüyünüz kimi, 4 ana istiqamətdə aparılan dəyərləndirmə müəllimin təkcə il sonu yox, il ərzindəki fəaliyyətini əhatə etməklə yanaşı həm ixtisas biliyi, həm də müxtəlif fəaliyyəti dəyərləndirilir. Bu, bizə imkan verir ki, müəllim il boyu ayaqda olsun, bütün fəaliyyəti yüksək səviyyədə olsun. Təkcə bilik imtahanı onu göstərir ki, il sonu iki-üç aylıq hazırlıq və əzbərçiliklə üstə çıxmasın, bir müəllim olaraq kompleks müəllimlik bacarığı ilə fərqlənsin. Digər tərəfdən də obyektivlik təmin olunsun. Ona həm həmkarları, həm şagirdləri, həm də özü qiymət verir. Həmçinin ixtisas biliklərini müəyyənləşdirmiş olur.
1. Pedaqoji Kadrların Performans Dəyərləndirilməsinin nəticələri yekunlaşandan sonra müəllimlərin topladıqları bala görə yeni tədris ili üçün təhsilverənlərin stimullaşdırıcı prosesi başlayacaq ki, bu zaman ballara əsasən müəllimlər aşağıdakı standartlara görə bölgüləndirilir.
1.1. Tələblərə tam cavab verən (90 - 100 bal)
Bu vəzifə funksiyası müstəsna qaydada və səmərəli şəkildə icra edilir. Mütəmadi olaraq qarşıya qoyulan tələblər üstələnir. Göstərilən təşəbbüskarlıq işin keyfiyyətinin artırılmasına müsbət təsir göstərir. Bu vəzifə funksiyasının icra edilmə keyfiyyəti əldə edilə bilən ən yüksək səviyyədədir. Bu vəzifə funksiyasının icra edilməsi digər işçilər üçün nümunəvidir. Bu vəzifə funksiyası üzrə digər işçilərə inzibati, metodiki rəhbərlik edə bilər.
1.2. Tələblərə cavab verən (80 - 89 bal)
Bu vəzifə funksiyası yüksək keyfiyyətlə icra edilməsə də, tələblərə cavab verəndir. Bir çox hallarda işin icrasında gözləntilər üstələnərək müəyyən edilmiş tələblərə tam olaraq cavab verilir. Vəzifə funksiyalarını icra edərkən zəruri bilik və bacarıqlar nümayiş etdirilir.
1.3. Tələblərə, əsasən, cavab verən (60 - 79)
Bu vəzifə funksiyası tələb edilən səviyyədə icra edilir. İnkişaf etməsi vəzifə funksiyalarının icrasının səmərəliliyini daha da artıra bilər. Bilik və bacarıqları vəzifə funksiyalarının icrası üçün kifayətdir.
1.4. İnkişaf etdirilməsi zəruri olan (50 - 59)
Müəyyən hallarda bu vəzifə funksiyasının tələblərə uyğun şəkildə icra edilməsində çətinlik çəkilir.İşin tələblərə uyğun şəkildə icra edilməsi üçün inkişafa ehtiyac var. Bu vəzifə funksiyasının icra edilməsi üçün bilik və bacarıqları zəruri olan səviyyədən aşağıdır. Əhəmiyyətli dərəcədə inkişafa ehtiyac var, növbəti ildə fəaliyyət tam nəzarətə götürülərək şans vermək olar.
1.5. İnkişafı aşağı olan (30 - 49)
Bir çox hallarda bu vəzifə funksiyası icra edilə bilmir və ya bu vəzifə funksiyasının icrası gözlənilən tələblərdən çox aşağı keyfiyyətdədir. Bu vəzifə funksiyasının tələblərə uyğun şəkildə icra edilməsi üçün lazımi bilik və bacarıqları yoxdur. Əhəmiyyətli dərəcədə inkişafa ehtiyac var. Qarşıdakı ili sadəcə şərtli müqavilə ilə əməkdaşlıq etmək olar.
1.6. İnkişafı çox aşağı olan (0 - 29)
Tələbləri tamamilə ödəmir. Dəfələrlə yönləndirilsə də, nəticə çıxarmır. Bilik və bacarıqları bu funksiyanı icra etmək üçün həddindən artıq dərəcədə aşağıdır. Pedaqoji vəzifəyə yararlı deyil, yeni tədris ilindən anlaşma ləğv edilə və ya sadəcə təcrübəçi kimi fəaliyyətinə davam edə bilər.
Sözsüz ki, bu, layihənin ilkin və bir hissəsidir. Üzərində işləyərək müfəssəl varianta salmaq mümkündür. Xüsusi komissiya yaradaraq indidən bu prosesi başlatsaq, həyata keçməsi ən azı üç il çəkər. Onun üçün də gec qalmadan başlayıb təhsilimizin inkişafına dəstək göstərək. Bu mövzuda Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bir təhsil mütəxəssisi olaraq bütün gücümü sərf etməyə hazıram.
Şəmil SADIQOV,
filologiya üzrə fəlsəfə doktoru