Bakı Dövlət Universitetində (BDU) “Erasmus KA 171” beynəlxalq müəllim-tələbə mübadilə proqramı çərçivəsində Portuqaliyanın Tomar Politexnik İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Tomar Politexnik İnstitutunun vitse-prezidenti Nuno Madeyra, professor Vasko Silva, İdarəçilik məktəbinin Elmi Şurasının prezidenti Selio Marques və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mariya Katroqa iştirak ediblər.
BDU-nun rektoru Elçin Babayev qonaqlara universitetin tarixi, elmi fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Universitetdə 16 fakültənin fəaliyyət göstərdiyini qeyd edən rektor E.Babayev BDU-da ali təhsilin bütün səviyyələrində 25000-ə yaxın tələbənin təhsil aldığını bildirib.
Rektor BDU-nun beynəlxalq əlaqələrində Avropa dövlətləri, o cümlədən Portuqaliyanın universitetləri ilə əməkdaşlığa xüsusilə önəm verildiyini vurğulayıb.
Görüşdə BDU ilə Tomar Politexnik İnstitutu arasında təhsilin müxtəlif istiqamətləri üzrə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı anlaşma memorandumu, ikili diplom proqramı layihələri, o cümlədən “Erasmus KA 171” proqramı çərçivəsində tələbə, akademik və inzibati heyətin mübadiləsi müzakirə olunub.
Tomar Politexnik İnstitutunun vitse-prezidenti Nuno Madeyra institutun fəaliyyəti, beynəlxalq əlaqələri haqqında danışıb, ikitərəfli əməkdaşlığın perspektivlərindən bəhs edib.
Qonaqlar BDU-nun maddi-texniki bazası ilə tanış olub, iki universitet arasındakı əməkdaşlığın uğurlu olacağını, bu istiqamətdə elm və təhsil müəssisələrinin üzərinə xüsusi vəzifə düşdüyünü diqqətə çatdırıblar.