Bakı Mühəndislik Universitetinə (BMU) 2023/2024-cü tədris ilində bakalavr pilləsinə 30 ixtisas üzrə qəbul həyata keçiriləcək. Ümumilikdə BMU-ya ayrılan 1308 yerin 795-i Azərbaycan bölməsinin, 513-ü isə ingilis bölməsinin payına düşür. (https://beu.edu.az/az/page/bakalavr-tehsili-182/).
BMU-da da ali təhsilin bütün pillələri (bakalavriat, magistratura, doktorantura) üzrə müvafiq təhsil proqramları məhz müasir çağırışlar əsasında hazırlanır və hər il qəbul planına əmək bazarının tələblərinə cavab verə biləcək yeni ixtisas və ixtisaslaşmalar daxil edilir. Bu prinsiplər 2023/2024-cü tədris ilində də əsas götürülərək qəbul planında bir çox yeni ixtisas və ixtisaslaşmalar yer alıb.
Belə ki, universitetdə bakalavriat səviyyəsində ilk dəfə olaraq Beynəlxalq ticarət və logistika, Marketinq, Kommunikasiya sistemləri mühəndisliyi, Materiallar mühəndisliyi, Mexatronika və robototexnika mühəndisliyi kimi önəmli ixtisaslar üzrə kadr hazırlığına başlanılacaq. Bundan başqa, yeni tədris ilindən Dizayn, Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları, Dizayn və texniki estetika, Maşınların təmir texnologiyası və servisi, Maye və qazların nəqli avadanlıqları, Avtomobil yolları və aerodromların tikintisi, Körpülər və nəqliyyat qurğularının tikintisi kimi yeni ixtisaslaşmalara magistratura səviyyəsi üzrə qəbul həyata keçirilir.
Əmək bazarının tələbləri çərçivəsində yenilənmə MBA (Biznesin idarə edilməsi) proqramını da əhatə edib və proqrama 7 yeni ixtisaslaşma əlavə edilib. Həmin ixtisaslaşmalara Aqrobiznes, Beynəlxalq ticarət, Elektron idarəetmə, İctimayyətlə əlaqələr, Maliyyə mühəndisliyi, Təchizat zənçirinin idarə edilməsi, Mühəndislik layihələrinin idarə edilməsi daxildir.
Qeyd edək ki, magistratura səviyyəsində 20 ixtisas və 29 ixtisaslaşma üzrə ayrılan 181 yerdən 151-i Azərbaycan, 30-u ingilis bölməsi üçün nəzərdə tutulub. MBA 13 ixtisaslaşma üzrə ayrılmış 160 yerin 140-ı Azərbaycan, 20-si isə ingilis bölməsinin payına düşür.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU ilə Koreyanın İNHA Universiteti arasında 2020-ci ildən həyata keçirilən tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı üzrə bakalavr hazırlığı yeni tədris ilində də davam etdiriləcək. Hazırda BMU İNHA İDP-yə qeydiyyat üçün davam edən onlayn müraciət avqustun 9-da yekunlaşacaq.
4 il müddətində ingilis dilində həyata keçiriləcək bakalavriat proqramına qeyd olunan ixtisaslar üzrə ümumilikdə 123 nəfərin (İnformasiya texnologiyaları – 35 nəfər, İnşaat mühəndisliyi – 25 nəfər, Elektrik mühəndisliyi – 28 nəfər, Elektronika mühəndisliyi 35 nəfər) qəbulu planlaşdırılır.