9-14 avqust tarixlərində tələbələr üçün Şamaxı rayonunda beynəlxalq münasibətlər və diplomatiya üzrə ikinci yay məktəbi təşkil ediləcək. Yay məktəbi “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Xəzər Universiteti və Topçubaşov Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək. 

 

Yay məktəbinin keçirilməsində məqsəd müxtəlif yerli, xarici universitetlərin tələbə və məzunlarına dünya, eləcə də regiondakı siyasi-iqtisadi vəziyyətin obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, xarici siyasət mövzuları üzrə müzakirələrdə iştirak imkanı yaratmaqla səmərəli öyrənmə platformasının təsis edilməsidir.  

 

Yay məktəbində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur: 

  • Siyasi elmlər, beynəlxalq münasibətlər, hüquq, beynəlxalq hüquq, regionşünaslıq və dövlət idarəçiliyi ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri; 
  • Sadalanan ixtisaslarda magistratura səviyyəsində təhsil alanlar və son illərdə məzun olmuş gənc peşəkarlar (yerli və xarici ali təhsil müəssisələrindən); 
  • Yay məktəbinin mövzusu üzrə beynəlxalq təlim və seminarlarda iştirak etmiş, eləcə də yerli və xarici təşkilatlarda təcrübə keçmiş şəxslər; 
  • Yüksək motivasiya, təşəbbüskarlıq, strateji və sistemli düşünmə, komandada işləmək, düzgün qərar qəbul etmək bacarıqlarına malik gənclər; 
  • İngilis dili üzrə səlis danışıq və yazı qabiliyyəti olan namizədlər (digər dilləri bilmək üstünlükdür). 

 

Qeydiyyatdan keçmiş iştirakçıların dil bacarıqları və mövzu üzrə ilkin biliklərinin qiymətləndirilməsinə dair müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Proqram haqqında daha ətraflı məlumat isə seçilmiş iştirakçılara təqdim olunacaq. 

 

Əlaqə: Apply@konullu.edu.az (Subject: Summer School).