Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə paytaxtdakı ümumi təhsil məktəblərində valideynlər üçün “Yay məktəbi”nə start verilib.
“Yay məktəbi”nin keçirilməsində əsas məqsəd uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb-valideyn əməkdaşlığını müzakirə etmək, yeni tədris ilində qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb-valideyn münasibətlərini təkmilləşdirmək, məktəbdaxili proseslərə valideynlərin cəlb olunmasına dair fikir mübadiləsi aparmaq, effektiv məktəb mühitini formalaşdırmaq və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir.
Paytaxtdakı 193 nömrəli tam orta məktəbdə təşkil olunmuş “Yay məktəbi”nin iştirakçılarını salamlayan məktəbin direktoru Nihal Hacıyeva “Şagird davranış qaydaları, onların tətbiqi və nəticələri” mövzusunda təlim proqramını təqdim edib. Valideynlərlə qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə maraq doğuran məsələlərə aydınlıq gətirilib, konkret nümunələr əsasında müzakirələr aparılıb.
Valideynlər üçün “Yay məktəbi”nin açılış mərasimdə çıxış edən BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə layihənin əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, məktəb-ailə münasibətlərinin tənzimlənməsi, qarşılıqlı əməkdaşlığın daha səmərəli müstəviyə köçürülməsi üçün çevik və şəffaf mexanizmlərin formalaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Müəllim-şagird-valideyn üçbucağının uğurlu alınması üçün valideynlərin təhsil prosesinə yönləndirilməsini əhəmiyyətli məsələlərdən biri hesab edən sektor müdiri bu baxımdan valideynlər üçün “Yay”məktəbi”nin uğurlu təşəbbüs olduğunu söyləyib. A.Mustafazadə “Qiymətləndirmənin (dəyərləndirmənin) insan həyatındakı rolu və qiymətləndirmə prosesində valideyn təklifləri” mövzusunda təqdimatla çıxış edib.
“Yay məktəbi”nin proqramına əsasən təqdim olunan “Övlad-valideyn münasibətləri” mövzusunda psixoloji-interaktiv iş, sual-cavab sessiyaları da valideynlər tərəfindən maraqla qarşılanıb.
“Yay məktəbi” çərçivəsində valideynlərin robototexnika sahəsində ixtisaslaşmış müəssisələrə ekskursiyaları da nəzərdə tutulub.
Qeyd edək ki, 3 gün davam edəcək “Yay məktəbi”nin sonunda iştirakçılara sertifikatlar veriləcək.