2023/2024-cü tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində (BMU) bakalavr pilləsində “Materiallar mühəndisliyi” ixtisası üzrə kadr hazırlığı aparılacaq.
Materialşünaslıq materialların tərkibi, xassələri və strukturu arasındakı əlaqəni, eyni zamanda müasir, yeni tip materialların yaradılması və istehsal üsullarını öyrənir. Bu sahə müasir inşaat, memarlıq və dizaynın, inşaat materialları sənayesinin, metallurgiyanın və s. formalaşmasında, onların material təminatının elmi əsaslarının qurulmasında əhəmiyyətli rol oynayır.
Müasir materialşünas və texnoloqlar insanların müxtəlif sənaye sahələrində dayanmadan artan təlabatını və sürətlə dəyişən zövqünü təmin etmək üçün daima yeni material və texnologiyaların yaradılması və tətbiqi istiqamətində mühüm işlər görürlər. Ənənəvi materiallarla yanaşı, son dövrlərdə sürətlə yaranan və inkişaf edən kompozisyon materiallar sənayesi, nano və biotexnologiyalar, “ağıllı” materiallar sənayesi və s. materialşünaslıq elminin nə qədər mühüm və perspektivli bir sahə olduğunu göstərməkdədir.
Materialşünaslıq ixtisasının tələbələri materialların istehsal prosesləri, emalı və hazırlanma texnologiyalarını dərindən öyrənmək və sənayenin müxtəlif sahələrində (keramika, şüşə, sement, gips, əhəng, beton, metallurgiya, polimer materiallar, quru inşaat materialları istehsalı müəssisələrində, eləcə də tikinti sahələrində və s.) bir çox vəzifələrdə çalışmaq imkanı qazanacaqlar. Bununla yanaşı, bu ixtisasın məzunları istehsal prosesləri üzrə texnoloq, istehsal menecerləri, elmi-tədqiqat və layihə institutlarında müvafiq vəzifələrdə, elmi dərəcələr aldıqdan sonra isə ali məktəblərdə pedaqoji işçi kimi də fəaliyyət göstərə biləcəklər.
Bu barədə BMU-dan bildirilib.