Bakı Ali Neft Məktəbinin (BANM) bakalavriat səviyyəsi üzrə 7-ci, magistratura səviyyəsi üzrə 5-ci məzun buraxılışı keçirilib.
Tədbiri giriş sözü ilə açan BANM-ın rektoru Elmar Qasımov əlamətdar gün münasibətilə məzunları təbrik edərək onlara uğurlar arzulayıb. Bildirib ki, 2022/2023-cü tədris ilində Bakı Ali Neft Məktəbinin bakalavriat səviyyəsindən 160, magistratura səviyyəsindən 98 nəfər olmaqla, ümumilikdə 258 tələbə məzun olur: “Yüksək bal toplayaraq Ali Məktəbimizin tələbəsi olmuş, burada təhsil aldıqları müddətdə peşəkar kadr kimi yetişmiş bu məzunlar karyera və növbəti təhsil pilləsinə qədəm qoyurlar. Böyük qürurla vurğulamaq istərdim ki, bu il məzun olan tələbələrimiz də uğurları ilə seçilir, SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, xarici şirkətlərdə, özəl və dövlət qurumlarında çalışır, dünyanın nüfuzlu universitetlərinə qəbul olur, təqaüd qazanırlar. Bu il bakalavriat səviyyəsindən məzun olan 160 nəfərin 54 %-i işləyir, 33 %-i nüfuzlu xarici universitetlərdə təqaüdlə təhsil alacaq, digərləri iş təkliflərini dəyərləndirirlər. Magistratura səviyyəsindən məzun olan tələbələrin 79 %-i çalışır. Məzunların 21 nəfəri SOCAR-ın Gənc İstedadlar Proqramının iştirakçısıdır. Əldə etdiyimiz nailiyyətlər bir daha sübut edir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olan, onun fərmanı ilə SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi fəaliyyətə başladığı gündən yüksəkixtisaslı, ingilisdilli peşəkar kadrlar hazırlamaq missiyasını uğurla yerinə yetirib və yetirməkdə davam edir”.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək məzunlara həyatlarının bu yeni mərhələsində uğurlar arzulayıb və Bakı Ali Neft Məktəbinin müasir standartlara cavab verən infrastruktura, yüksək tədris mühitinə malik ali təhsil ocağı olduğunu, burada tələbələrin savadlı kadr kimi yetişdiyini bildirib. Nazir bu məzunların ölkəmizə, dövlətimizə faydalı vətəndaş olacaqlarına inandığını bildirib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında məzunları, onların valideynlərini təbrik edərək, məzunların ölkəmizin inkişafına töhfə verəcəyinə, həmçinin SOCAR-ın qarşısına qoyduğu hədəflərə çatmaqda böyük rol oynayacaqlarına əminliyini ifadə edib. R.Nəcəf professor-müəllim heyətinə də təşəkkür edərək burada tələbələrin peşəkar kadr kimi yetişməsində onların əməyinin böyük rolu olduğunu vurğulayıb.
Məzunları təbrik edən, onlara uğurlar arzulayan bp şirkətinin Azərbaycan, Türkiyə, Gürcüstan üzrə regional prezidenti Qəri Counz SOCAR-ın Bakı Ali Neft Məktəbi yaradılandan bp şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirildiyini, bir sıra layihələr icra olunduğunu bildirib. Qeyd edib ki, BANM-ın tələbələri bp şirkətində təcrübə keçir, müxtəlif proqramlarda uğurla iştirak edir, həmçinin məzunları bp-də müxtəlif vəzifələrdə çalışırlar.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev BANM-də əmək bazarının təlabatına cavab verən ixtisaslarda peşəkar kadrlar yetişdiyini bildirib və burada yaradılan şəraitə görə SOCAR rəhbərliyinə, peşəkar mütəxəssis hazırlayan professor-müəllim heyətinə təşəkkür edib. Nazir müavini məzunlara uğurlar arzulayıb, onlara bilik və bacarıqlarını daim artırmağı tövsiyə edib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 5 il öncə abituriyent olaraq gərgin müsabiqədə iştirak edib, yüksək bal toplayıb Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanan məzunları təbrik edərək onlara uğurlar arzulayıb. O, BANM-də yüksəksəviyyəli tədris mühiti yaradıldığını, burada təhsil alan tələbələrin müasir dövrün bilik və bacarıqlarına yiyələndiklərini bildirib.
Çıxışlardan sonra əcnəbi tələbələr adından “Neft-qaz mühəndisliyi” ixtisasının məzunu, BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) təqaüdü ilə təhsil alan nigeriyalı tələbə İnyama Somtoçukvu Çidinma Azərbaycan dilində çıxış edərək Bakı Ali Neft Məktəbinin ona qazandırdıqlarından bəhs edib, həmçinin “Sarı gəlin” mahnısını ifa edib.
Məzun Günü diplomların təqdimolunma mərasimi və bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə bakalavriat səviyyəsi üzrə “Neft-qaz mühəndisliyi” ixtisasından 54, “Kimya mühəndisliyi” ixtisasından 42, “Proseslərin avtomatlaşdırılması” mühəndisliyi ixtisasından 40, “İnformasiya təhlükəsizliyi” ixtisasından isə 24 nəfər, magistratura səviyyəsi üzrə mühəndislik ixtisaslarından 16, MBA proqramından isə 82 tələbə məzun olub. Bu tədris ilində Fərqlənmə diplomu alan tələbələrin sayı 18 nəfərdir.