Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İngiltərənin Vorvik Universiteti bərpaolunan enerji mənbələri ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramı həyata keçirir.
Tamamilə dövlət hesabına təmin ediləcək bu proqram çərçivəsində tələbələr həm əcnəbi, həm də yerli professor-müəllim heyəti tərəfindən ölkə daxilində təşkil olunacaq dərslərdə, həmçinin əcnəbi heyət tərəfindən İngiltərədə keçiriləcək 4 həftəlik dərslərdə iştirak edərək sahə üzrə kompetensiyalara yiyələnəcəklər. Sözügedən ikili diplom proqramı Böyük Britaniyada günəş fermaları və külək turbinlərinin istismarı zonaları ilə yanaşı, aparıcı bərpaolunan enerji sahələrinə, müvafiq şirkətlərə baş çəkmək fürsəti təqdim edir. Səyahət və viza daxil olmaqla səfər xərcləri, həmçinin yerləşmə, qidalanma ilə bağlı xərclər Dövlət Proqramı qaydalarına əsasən tam şəkildə ödəniləcək.
İlkin mərhələdə 48 tələbənin müvafiq ixtisas üzrə hər iki ali təhsil müəssisəsinin diplomuna yiyələnməsi nəzərdə tutulub.
Proqramla bağlı ətraflı məlumatı http://asoiu.edu.az/info_main internet səhifəsindən əldə edə bilərsiniz.
Digər suallarla bağlı info.warwick@asoiu.edu.az elektron poçt ünvanına müraciət göndərmək mümkündür.
Qeyd edək ki, Vorvik Universiteti 2024 QS reytinq sisteminə əsasən dünyada 67-ci yerdədir.