Bakı Mühəndislik Universitetinin (BMU) professor-müəllim heyəti üçün Koreyanın İNHA Universitetində növbəti təlim (10 iyul - 18 avqust) keçiriləcək. Təlimdə BMU-nun “Elektrik mühəndisliyi” və “İnşaat mühəndisliyi” ixtisasları üzrə tədrisi həyata keçirən 15 nəfərdən ibarət professor-müəllim heyəti iştirak edəcək. Bununla əlaqədar BMU-nun rektoru, professor Havar Məmmədov təlimə qatılacaq müəllimlərlə görüşüb.

 

BMU-İNHA İDP çərçivəsində Rəhbər Komitənin həm Koreya, həm də Bakıda keçirilən iclaslarını xatırladaraq orada müzakirə olunan məsələlərin nəticələrinə diqqət çəkən rektor ikili diplom proqramının beynəlxalq təcrübə əsasında mühəndislik sahələrində müasir bilik və bacarıqlara yiyələnmiş, yüksək potensiallı, uğurlu mütəxəssis hazırlığına töhfə verdiyini bildirib.

 

Tədbirdə qeyd olunub ki, Koreyanın İnçon şəhərində baş tutacaq təlimin məqsədi beynəlxalq təhsil əməkdaşlığı layihəsinə əsasən, BMU-nun professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etməkdir. Professor-müəllim heyətinin İNHA Universitetinin təcrübəli professorları vasitəsilə öz bilik və bacarıqlarını daha da inkişaf etdirməsi də təlimin əsas məqsədləri sırasında yer alıb.

 

Görüşün sonunda rektor təlimdə iştirak edəcək professor-müəllim heyətinə müvafiq tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

 

Xatırladaq ki, ötən ilin 11 iyul - 19 avqust tarixlərində baş tutan 6 həftəlik ilk təlimdə BMU-da “İnformasiya texnologiyaları” ixtisası üzrə tədrisi həyata keçirən müəllimlər iştirak edib.