Əsas mübarizə növbəti mərhələyə çıxanlar arasında olacaq


Dünən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.1889 namizədin dəvət edildiyi test imtahanları ölkə üzrə 8 şəhər olmaqla, ümumilikdə 9 mərkəzdə təşkil edilib.

 

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə test, yazılı imtahan və müsahibə mərhələsindən ibarətdir. Namizədlər 90 dəqiqə ərzində pedaqogika, metodika ilə bağlı 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik, menecment, riyazi məntiq ilə bağlı hər birinə aid 10 sual olmaqla, ümumilikdə 60 test tapşırığı yerinə yetirir.

 

Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun sözlərinə görə, direktorların işə qəbulunda keçid balı olaraq 50 faizlik keçid baryeri nəzərdə tutulur. Sualların yarısını cavablandıran namizədlər növbəti mərhələyə dəvət olunur. Növbəti mərhələ olan esse də bal ilə qiymətləndirilir və 50 faizlik nəticə göstərənlər sonuncu - müsahibə mərhələsində iştirak hüququ qazanır. Ümumi bal isə 100 baldır. Proses yeni tədris ilinin əvvəlinə kimi yekunlaşacaq.

 

Xatırladaq ki, məktəb direktoru olmaq üçün namizədlərdən ali təhsil səviyyəsi üzrə pedaqoji təhsil və 5 illik müəllimlik stajı tələb olunur.

 

Bakıda 20 yer...

 

E.Bağırov müsabiqəyə çıxarılan vakant yerlər barədə də məlumat verib. Onun sözlərinə görə, hazırda ümumilikdə 400-dən çox vakant məktəb direktoru yeri var. Bu il müsabiqəyə təkcə Bakı şəhəri üzrə şagird sayı 500-dən yuxarı olan 20-dən çox məktəb üçün vakant direktor vəzifəsi çıxarılıb və sayın artacağı istisna edilmir: “Yay aylarında çalışmanın yaş həddinə çatacaq direktorların sayı da az deyil. Onlarla əmək müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması tənzimlənən zaman müəyyən meyarlar nəzərə alınacaq. Bununla yanaşı, əlavə vakant yerlərin də çıxarılacağı gözlənilir”.

 

Şagird sayı 500-dən az olan məktəblər üçün müsabiqədə növbəti mərhələ - müsahibələr

 

Şagird sayı 500-dən az olan məktəblərə direktor təyinatı üçün namizədlərin test imtahanı mərhələsi isə artıq yekunlaşıb. Bu barədə danışan E.Bağırov deyib: “Keçid balları müəyyən olunub, növbəti həftələrdə yerli idarəetmə orqanları tərəfindən müsahibə mərhələsi həyata keçiriləcək”.

 

Direktorların işə qəbulu müsabiqəsində iki mərhələdən birində uğur qazanmayan və apellyasiyaya müraciət edənlər də var. Təxminən 20-yə yaxın belə namizəd olduğunu vurğulayan şöbə müdiri deyib ki, növbəti həftələrdə həmin şəxslər üçün müsahibə mərhələsi təşkil ediləcək: “Təbii ki, prosesin özündə də nəzarət və əlavə yoxlamalar vacibdir. İstənilən şəkildə nəticələrindən narazı qalan namizədlərin apellyasiyaya müraciət etmək hüquqları var”.

 

E.Bağırovun sözlərinə görə, 8 il ərzində məktəb direktorlarının seçilməsi ilə bağlı imtahanlarda 10 minə qədər namizəd iştirak edib. Bu illər ərzində 2000-ə qədər şəxs müvafiq vəzifəyə təyin olunub.

 

Xatırladaq ki, direktorların işə qəbulu imtahanında iştirak edən namizədlər mövcud qaydalara əsasən, hal-hazırda ümumtəhsil müəssisələrində işləyən müəllimlər arasından seçilir. Bu, hazırda sistemdə çalışan müəllimlərin karyera inkişafı baxımından da olduqca vacibdir. Bir neçə il müəllim işləmiş və daha sonra fəaliyyətinə ara vermiş müəllimlər ilk növbədə müəllimlərin işə qəbulu müsabiqəsindən (MİQ) keçməlidirlər. Onlar müəllim olaraq fəaliyyətə başladıqdan sonra direktorların işə qəbulu imtahanında iştirak edə bilərlər”.

 

Gələn həftə isə müəllimlik üçün imtahan keçiriləcək

 

Şagird sayı 150-yə qədər olan məktəblər üzrə isə müsahibələr keçirilib. Bəziləri artıq əmək fəaliyyətinə başlayıb, bəziləri həmin yeri istəməyib, ehtiyat kadr siyahısındadırlar.

 

Məlum olduğu kimi, müəllimlərin işə qəbuluna da start verilib. Artıq 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Nurlan İsmayılbəylinin “Azərbaycan müəllimi” qəzetinə verdiyi məlumata görə, bu il imtahanlara 57000-dən çox namizəd dəvət olunub. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 11-15 iyul tarixlərində 13 şəhərdə təşkil olunmuş 29 imtahan mərkəzində keçiriləcək. İmtahan müddəti ötən illərdən fərqli olaraq 150 dəqiqə olacaq. Azərbaycan bölməsi üzrə ibtidai sinif müəllimliyi istisna olmaqla digər bütün fənn və bölmələr üzrə imtahanlar eyni tarixlərdə və saatda keçiriləcək.

 

Ruhiyyə DAŞSALAHLI