Bakı Mühəndislik Universitetində (BMU) bakalavr pilləsində növbəti tədris ilindən etibarən kadr hazırlığı aparılacaq yeni ixtisaslar sırasında “Beynəlxalq ticarət və logistika” da yer alıb.
BMU-dan bildirilib ki, universitetin qəbul planına daxil edilən ixtisasın iqtisadiyyat və idarəetmə fakültəsində tədris olunması nəzərdə tutulur.
Bu ixtisasın tədrisində əsas məqsəd ölkəmizin beynəlxalq ticarət və logistika sektorunda insan resurslarına ehtiyacı ödəyə bilən, ən müasir bacarıqlara, kifayət qədər biliyə malik yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.
Belə ki, müasir rəqabət şəraitində beynəlxalq ticarət yalnız müasir logistika idarəetməsi çərçivəsində həyata keçirilə bilər. Buna görə də beynəlxalq ticarət sahəsində mütəxəssislərin logistika ilə bağlı da hərtərəfli biliyə malik olması vacibdir. Logistika sırf nəqliyyat fəaliyyəti kimi qəbul edilmir və daşıma ilə yanaşı, malların, xidmətlərin, məlumatların müştərinin ehtiyac duyduğu nöqtəyə qədər qəbulu, saxlanılması, daşınması kimi fəaliyyətlərin iqtisadi plan çərçivəsində koordinasiyasını ehtiva edən bir sahədir.
Qeyd olunan ixtisas üzrə mütəxəssislər beynəlxalq arenada fəaliyyət göstərən bütün təşkilatların istehsal, saxlama, daşıma, marketinq departamentlərində, yük və daşıma şirkətlərində, xarici ticarətin olduğu böyük şəhərlərdə dövlət sektorunun gömrük və liman idarəçiliyi şöbələrində idxal-ixrac mütəxəssisi, xarici ticarət işçisi, satınalma mütəxəssisi, satış təmsilçisi (daxili-xarici bazar) və marketinq işçisi kimi işləyə bilərlər.
BMU-nun bakalavr pilləsində 30 ixtisas üzrə, ümumilikdə 1308 plan yeri ayrılıb. Onlardan 795 yer Azərbaycan bölməsi, 513 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub. Bakalavriat səviyyəsi üzrə qəbul planında yer alan yeni ixtisaslara “Beynəlxalq ticarət və logistika”, “Marketinq”, “Kommunikasiya sistemləri mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi” daxildir.