“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində icra olunan ikili diplom proqramına (BMU-İNHA İDP) 2023/2024-cü tədris ili üçün qəbul prosesi aparılan mühəndislik ixtisaslarından biri də “Elektrik mühəndisliyi”dir.
“Elektrik mühəndisliyi” ixtisası enerji inkişafı və enerji istehsalı, elektrik ötürmə və paylama şəbəkələri, elektrik maşınları və güc elektronikasını əhatə etməklə mexanika, elektronika, kompüter və rabitə mühəndisliyinin kəsişdiyi çoxsahəli bir tətbiq platformasını özündə birləşdirir. Bu platforma müasir elektrik enerji sistemlərinin dizaynı, quraşdırılması, monitorinqi, nəzarəti, qorunması və idarə olunmasına səbəb olur.
İxtisasa yiyələnənlər ən kiçik cihazlardan böyük elektrik stansiyalarına qədər hər cür elektron cihazlarla yüksək səviyyədə işləmə bacarıqlarına sahib olurlar. Bununla yanaşı, “Elektrik mühəndisliyi” tələbələrə gələcəkdə bərpa olunan enerji, enerji paylama və saxlama şəbəkələrinin dizaynı və ya digər əsas infrastrukturlar üçün daha yaxşı idarəetmə sistemləri üzrə layihələrdə işləmək imkanı qazandırır. Proqramın məzunları elektrik mühəndisliyi, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində bacarıqlara da yiyələnəcəklər.
3+1 modelinə əsaslanan ikili diplom proqramının 3 il müddətində BMU, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur. Şərtlərə əsasən, BMU-da təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq məqsədilə Koreya dili dərsləri hər semestr tədris olunacaq və tələbələr “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “Electrical Engineering”, BMU tərəfindən isə elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə bakalavr diplomları təqdim ediləcək.
Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, Koreya Respublikasında 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən qarşılanır.
Proqrama qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan və 2023-cü ildə DİM imtahanlarında iştirak etmiş 1-ci ixtisas qrupunun abituriyentləri, 400 və ya daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Seçim nəticəsində 28 nəfər tələbə “Elektrik mühəndisliyi” ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.
Proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi yazılı keçiriləcək Riyaziyyat, Fizika və İngilis dili üzrə daxili imtahandan uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər “onlayn anket formasını” dolduraraq tələb olunan sənədləri təqdim etməlidirlər. Qeyd edək ki, BMU-İNHA İDP-ə qeydiyyat prosesi üçün son tarix 9 avqust 2023-cü il saat 23:55 nəzərdə tutulub.
BMU-İNHA İDP-ə qəbul üçün daxili imtahan avqustun 12-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 17-də elan ediləcək.
Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.