Ali məktəb tələbələri arasında 31 iyul-06 avqust 2023-cü il tarixlərində Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadası keçiriləcək. Olimpiadada iştirak etmək üçün Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinin riyazi analiz kafedrasının müdiri, professor Rəşid Əliyevin rəhbərliyi ilə III kurs tələbələri Amil Cəbiyev, Vüqar Quliyev və II kurs tələbəsi Coşqun Məmmədov Bolqarıstanın Blaqoevqrad şəhərinə ezam olunacaqlar.
Builki yarışda BDU-nu təmsil edəcək tələbələr Elm və Təhsil Nazirliyinin dəstəyi, BDU və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 2023-cü il may ayının 24-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbələr arasında Riyaziyyat üzrə Respublika Olimpiadasının qalibləri olubar. Yarışda Amil Cəbiyev I, Vüqar Quliyev və Coşqun Məmmədov isə II yerləri tutublar.