Bakı Mühəndislik Universiteti (BMU) pedaqoji fakültəsinin “Fizika müəllimliyi” ixtisasının (tədris ingilis dili) sonuncu kurs tələbəsi Arzu Alxanova 99,17 balla 2023-cü il üzrə universitet birincisi olub.
Orta məktəbi fərqlənmə ilə bitirən A.Alxanova 2018/2019-cu tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında 611 bal toplayıb və ixtisas seçimində BMU-ya üstünlük verib.
Hələ abituriyent olduğu zaman BMU-ya üstünlük verməsində rol oynamış “Açıq qapı” gününü xoş xatirələrlə yada salan A.Alxanova məhz bu ali təhsil ocağında tələbələr üçün yaradılan fərqli mühitin seçiminə təsir etdiyini söyləyib.
Hədəf olaraq universitet birinciliyi uğrunda yarışmadığını deyən A. Alxanova bu uğuru 4 illik tələbəlik illərinin gərgin əməyinin mükafatı kimi görür.
A.Alxanova universitetdə oxuduğu müddətdə dərs proseslərinin aktiv iştirakçısı olmaqla kifayətlənməyərək həm elmi-praktiki, həm də sosial-ictimai layihələrdə və tədbirlərdə fəal iştirak edib. “Gələcəyin müəllimi” təqaüdü alan BMU birincisi gənc tədqiqatçıların 6-cı və 7-ci beynəlxalq elmi konfranslarına qatılıb, ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Elm festivalı" çərçivəsində Fizika, Riyaziyyat və Kimya fənləri üzrə Respublika Olimpiadasının qalibləri sırasında yer alıb.
Təhsilini ölkədən kənarda davam etdirməyi hədəfləyən A.Alxanova artıq nüfuzlu ali təhsil ocağına tam təqaüdlü birbaşa doktorantura səviyyəsinə qəbul olub. O, ABŞ-ın Şimali Karolina Dövlət Universitetində (North Carolina State University) “Fizika” ixtisası üzrə doktorantura pilləsində təhsil alacaq. Tələbə üçün adıçəkilən universitetdən ayrılan illik təqaüd 55 min ABŞ dolları təşkil edir.
Qazandığı uğurlara görə hər zaman ona dəstək olan ailəsi və müəllimlərinə sonsuz təşəkkürlərini bildirən A.Alxanova bundan sonra da əzmlə çalışacağını, ölkəmizi xaricdə layiqincə təmsil edəcəyini bildirib.