Bakı Slavyan Universiteti (BSU) ilə Türkiyənin Türk-Alman Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Türk-Alman Universitetinin rektoru Cemal Yıldız, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel, hər iki universitetin əməkdaşları iştirak ediblər.
Rektor Anar Nağıyev müqavilənin imzalanmasının xüsusi əhəmiyyət daşıdığını bildirib, iki universitet arasında əməkdaşlığın həm tələbə, həm də mütəxəssislər üçün faydalı olacağına əminliyini ifadə edib.
Türk-Alman Universitetinin rektoru Cemal Yıldız Azərbaycanla Türkiyə arasında tarixi dostluq əlaqələrinin davam etdiyini bildirib və bu müqavilə ilə əlaqələrin daha da genişlənəcəyinə əmin olduğunu deyib.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulayıb. O, hər iki universiteti qarşılıqı əməkdaşlıq müqaviləsinin imzalanması münasibətilə təbrik edib.