Bakı Mühəndislik Universitetində (BMU) 2022/2023-cü tədris ili üzrə “Məzun Günü” keçirilib.

 

Açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov əlamətdar gün münasibətilə məzunlara ən səmimi təbriklərini çatdırıb.

 

Rektor gənclərin ölkəmizin hərtərəfli inkişafında, cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında yaxından və fəal iştirakının təmin edilməsi, həmçinin gənc kadrlara yüksək etimad göstərilməsi istiqamətində Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın böyük dəstəyi, əməyi və sonsuz xidmətlərindən danışıb. Dövlət siyasətinin prioritet xəttini təşkil edən, ölkənin ümumi inişafının əsas hərəkətverici qüvvəsi olan elm və təhsil sahəsinin daim diqqət mərkəzində dayandığını, bu sahədə mövcud sürətli, dinamik inkişafı vurğulayan H.Məmmədov əlavə edib ki, aparılan ardıcıl islahatlar, qəbul olunan müxtəlif dövlət proqramlarının müvəffəqiyyətlə gerçəkləşdirilməsi yüksəkixtisaslı kadr hazırlığını təmin etməklə sosial-iqtisadi, elmi və mədəni tərəqqiyə böyük töhfələr verir.

 

Təhsilin sürətli inkişafı fonunda BMU-da keyfiyyətli, dövrün tələblərinə uyğun peşəkar kadr hazırlığı üçün görülən işləri, o cümlədən maddi-texniki bazanın daha da gücləndirilməsi, təhsil proqramlarının təkmilləşdirilməsi və müasirləşdirilməsi yönündə atılan addlmları nəzərə çatdıran H.Məmmədov bildirib ki, ingilis dilində tədrisin üstünlük təşkil etdiyi universitetdə 4 fakültə, 21 kafedrada 37 ixtisas üzrə bakalavr təhsili, 19 ixtisas və 33 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır.

 

Rektor 2022/2023-cü tədris ilində ali təhsil ocağından 1494 tələbənin məzun olduğunu, onlardan 1250 nəfərin bakalavriat, 244 nəfərin magistratura səviyyəsi üzrə, eyni zamanda bakalavriat pilləsi üzrə 74, magistratura pilləsi üzrə isə 31 tələbənin fərqlənmə ilə təhsilini başa vurduğunu qeyd edib.

 

Builki məzun buraxılışının əlamətdar bir tarixə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf etdiyini önə çəkən elm və təhsil nazirinin müavini, BMU-nun Himayəçilər Şurasının sədri İdris İsayev məzunların bir qisminin elmi fəaliyyət, digər qisminin isə iqtisadiyyatın müxtəlif sahələrində əmək fəaliyyətinə qoşulacaqlarını deyərək hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir təhsil strategiyasının uğurlu nəticələrindən danışan, ölkənin təhsil siyasətinin vacib məqamlarını vurğulayan nazir müavini BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində 17 istiqamət üzrə 4-cü yerdə keyfiyyətli təhsilin yer aldığını, eyni zamanda bütün dünyada cəmiyyətin inkişafının təkanverici qüvvəsi sayılan təhsildə bilik, bacarıq və səriştənin öndə gəldiyini qeyd edib. Azərbaycanda da 5 prioritet istiqamətdən birinin məhz təhsil, insan kapitalının formalaşdırılması ilə bağlı olduğuna diqqət çəkən İdris İsayev əlavə edib ki, 2022/2023-cü tədris ilində ölkənin ali təhsil müəssisələrindən 46 minə yaxın tələbə məzun olur.

 

Nazir müavini ölkəmizdə ali təhsil müəssisələrinin əhatəliliyinin artırılması, təhsilə əlçatanlığın təmin olunması üçün dövlət tərəfindən bütün imkanlardan istifadə edildiyini, dövlət hesabına təhsil alan tələbələrin sayında ciddi artımın gözlənildiyini, bu gün bakalavr pilləsi üzrə təxminən 53-54 min tələbə qəbulu həyata keçirildiyi halda, 2026-cı ildə bu sayın 75 minə çatdırılacağının hədəfləndiyini bildirib. Nazir müavini əlavə edib ki, əgər 4-5 il öncə dövlət sifarişi əsasında təxminən 15 min tələbə qəbulu həyata keçirilirdisə, bu gün onların sayı təsdiqlənən qəbul planına görə 33 mindən artıqdır. İdris İsayev, həmçinin hər il ödənişli təhsil alan, xüsusilə həssas qrupa aid olan 18 min tələbənin təhsil haqqının dövlət vəsaiti hesabına ödənildiyinə, 20 minə yaxın tələbənin təhsil tələbə krediti sistemindən istifadə etdiyinə diqqət çəkib.

 

Hər il 400-ə yaxın tələbənin ali təhsilin bakalavr-magistratura pilləsi üzrə xarici təhsil müəssisələrinə göndərildiyini deyən nazir müavini ölkə daxilində də ali təhsil ocaqlarının kadr potensialının gücləndiirilməsinə diqqət yetirildiyini, bu sırada BMU və Koreyanın İNHA Universiteti arasında ikili diplom proqramının uğurla icra olunduğunu bildirib.

 

Məzunları təbrik edən millət vəkili Aydın Hüseynov Azərbaycan gəncliyi üçün ölkədə yaradılan hərtərəfli imkanlardan, onların ölkənin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsindən söz açıb, qlobal çağırışlar və tendensiyalar fonunda meydana gələn Dördüncü Sənaye İnqilabında ölkənin yüksək təhsilli kadr potensialının gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.

 

Millət vəkili Naqif Həmzəyev məzunların böyük Zəfər qazanmış, qalib ölkənin vətəndaşları kimi həyatlarının ən maraqlı, eyni zamanda məsuliyyətli dövrünə qədəm qoyduqlarını söyləyib. Məzunların sürətlə dəyişən müasir çağırışlar kontekstində yalnız bir ali təhsillə kifayətlənməməsini önə çəkən millət vəkili onlara qazandıqları bilik və bacarıqları daim inkişaf etdirmələrini, dövlətin bu istiqamətdə yaratdığı hərtərəfli imkanlardan yararlanmağı tövsiyə edib.

 

Sonra müharibə iştirakçıları və şəhid ailəsi üzvləri olan BMU məzunları səhnəyə dəvət edilib, onlara hədiyyələr təqdim olunub.

 

Ardınca 2022-2023-cü tədris ili məzunlarından, ixtisas, fakültə və magistratura birinciləri, eləcə də universitet birincisi mükafatlandırılıb.

 

2022-2023-cü tədris ilinin 99.17 balla universitet birincisi, pedaqoji fakültənin “Fizika müəllimliyi” ixtisası üzrə məzunu Arzu Alxanova çıxış edərək universitet rəhbərliyinə, müəllimlərinə təşəkkürlərini çatdırıb və gələcək planlarından danışıb.

 

Tədbir məzunların ənənəvi “papaq atma” mərasimi və tanınmış müğənnilərin ifası, universitetin bədii özfəaliyyət kollektivinin hazırladığı bədii proqramla davam edib.