“Azərbaycan məktəbi” jurnalı Təhsil İnstitutu ilə birlikdə müzakirə keçirib


Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı  Təhsil İnstitutunun mütəxəssisləri ilə birlikdə  “Təhsilverənlərin sertifikatlaşdırılmasının təhsilin keyfiyyətinə təsiri” mövzusunda müzakirə  keçirib. Müzakirədə Təhsil İnstitutunun direktor müavini Könül Abaslı, İnstitutun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Leyla Sultanlı və “Azərbaycan məktəbi”nin əməkdaşları iştirak ediblər.

 

Giriş sözü ilə jurnalın baş redaktoru Arzu Soltan çıxış edərək müzakirə olunacaq mövzunun - müəllimlərin sertifikatlaşdırılmasının təhsildə bir islahat olduğunu qeyd edib.

 

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva  imtahanda müəllimdən tədris etdiyi fənni yüksək səviyyədə bilməklə yanaşı, öyrətmə bacarığının qiymətləndirilməsinə önəm verildiyini vurğulayıb. Prosesin 2026-cı ilə qədər davam edəcəyini və qiymətləndirmə nəticəsində əldə olunan məlumatların gələcəkdə təhsilverənin peşə standartlarında öz əksini tapacağını diqqətə çatdırıb.

 

Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Könül Abaslı, Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Leyla Sultanlı, “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şakir Cəfərov və “Azərbaycan məktəbi” jurnalının şöbə redaktoru Zemfira Məmmədqızı çıxış edərək mövzu ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

 

Ekspertlər tərəfindən  sertifikatlaşdırma ilə bağlı suallar cavablandırılıb.

 

Sonda “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan gələcəyimiz olan şagirdlərimizin bilikli, savadlı, milli-mənəvi dəyərlərimiz ruhunda əsl şəxsiyyət kimi yetişməsində müəllimlərimizin əvəzsiz rolunu vurğulayıb.

 

Şakir CƏFƏROV