Təhsilin İnkişafı Fondu ilə Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun nümayəndələri ilə görüş olub.

 

Əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli aktiv məşğulluq tədbirlərinin ildən-ilə genişləndiyini, yeni əməkdaşlıqlar hesabına bir sıra layihələrin icra edildiyini diqqətə çatdırıb. O, eyni zamanda peşəkar kadrların hazırlanması istiqamətində Agentlik tərəfindən görülən tədbirlər, peşə hazırlığının təşkili mexanizmi barədə də məlumat verib.

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyəti, həyata keçirilən layihələr və proqramlardan danışıb. Universitet-sənaye işbirliyinin möhkəmləndirilməsi, peşəkar kadr hazırlığının təmin olunması və sosial cəhətdən həssas kateqoriyadan olan vətəndaşların dəstəklənməsini hədəfləyən layihələrdə Agentlik ilə əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini qeyd edib. E.Nəsibov həmçinin bu il ilk dəfə təşkil ediləcək “Təhsilin İnkişafı Forumu” na Agentliyi tərəfdaş olaraq dəvət edib.

 

Daha sonra iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.