İyunun 16-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalı redaksiyasının təşkilatçılığı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində Quba-Xaçmaz iqtisadi rayonunu əhatə edən peşə təhsili müəssisələrinin iştirakı ilə oxucularla görüş baş tutub.
Tədbirdə redaksiyanı təmsil edən əməkdaşlarla bərabər Peşə Təhsili üzrə Dövlət Agentliyinin Müəssisələrlə iş şöbəsinin aparıcı məsləhətçisi Cəsarət Yusifov, Yeni Azərbaycan Partiyasının Xaçmaz Rayon Təşkilatının məsul işçisi Fazil Rəhmətov, Xaçmaz Rayon İcra Hakimiyyəti Aparatında Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Fərzəliyev, Quba-Xaçmaz iqtisadi rayonunu əhatə edən peşə təhsili müəssisələrinin rəhbərləri - Quba Peşə Liseyinin direktoru Hüseynağa Baxışov, Qusar Peşə Liseyinin direktoru İmaməddin Zəkiyev, Xaçmaz Peşə Liseyinin direktor əvəzi Elmira Kərimova, Siyəzən Peşə Məktəbinin direktoru Damət Baxşıyev, Şabran Peşə Məktəbinin direktoru Mərziyyə Əskərova və Xaçmaz Peşə Məktəbinin direktor əvəzi Rüfət Xəlilov və onların rəhbərlik etdiyi kollektivin üzvləri də iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” adlı tədbirin keçirilməsində əsas məqsəd Heydər Əliyevin peşə təhsilinin inkişafındakı rolunu dəyərləndirmək, Ulu Öndərin təhsil, eləcə də peşə təhsili sahəsində gördüyü işlərin təhlili və bu sahədə aparılan islahatların Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsiniişıqlandırmaqdan ibarət olub.
Tədbir öncəsi qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini hörmət və ehtiramla yad ediblər. Daha sonra Xaçmaz Peşə Liseyinin direktor əvəzi Elmira Kərimova qonaqları liseyin tədris emalatxanaları ilə tanış edib. Tədbiri giriş sözü ilə açan E.Kərimova region üzrə belə bir görüşün məhz Xaçmaz Peşə Liseyində keçirildiyinə görə jurnalın redaksiya heyətinə öz dərin təşəkkürünü bildirib və sözü “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Balakişiyevə verib. Öncə qonaqları salamlayan baş redaktor “Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” mövzusuna həsr edilən geniş təqdimatla çıxış edib, eyni zamanda çıxış ərəfəsində Ulu Öndərin həyat yoluna işıq salan videoçarx da tədbir iştirakçılarınatəqdim olunub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafındakı misilsiz xidmətləri, peşə təhsili sahəsində gördüyü işlər, eləcə də bu il yaranmasının 180 ili tamam olan peşə təhsilinin tarixi də təqdimatda öz əksini tapıb.
Tədbirin sıradan bir təqdimat olmadığına diqqət çəkən baş redaktor bunun müasir Azərbaycanın qurucusu, Müstəqil Azərbaycan adlı şah əsərin müəllifi, Azərbaycan xalqının bugünkü bütün uğurlarının səbəbkarı olan Heydər Əliyevlə bağlı olduğunu qeyd edib. Eyni zamanda bu il Azərbaycanda həm də peşə təhsilinin 180 illiyinin qeyd edildiyi vurğulanıb. Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərin ən mühüm dövrü eyni zamanda ölkəmizdə peşə təhsilinin inkişafı ilə bağlıdır. Həm də eyni dövrdə - 1969-cu ildə “Peşə təhsili və insan kapitalı” jurnalının ilk nömrəsi “Gənc fəhlə” adı ilə nəşrə başlayıb. Təqdimatda həm peşə təhsilinin 180 illik tarixi, həm də Ulu Öndərin hakimiyyətə gəlişi ilə (1969-1982), (1993-2003) peşə təhsilinə göstərilən diqqət və qayğı tam tədqiqat obyektinə çevrilib.
“Respublikamızada peşə təhsili üzrə yeganə mətbu bir orqanda uzun müddət çalışan, peşə təhsilinə bələd bir şəxs kimi özümə borc bildim ki, belə bir tədbiri peşə təhsili müəssisələrində çalışan mütəxəssislərlə birlikdə qeyd edək və həm də onların problemləri ilə yaxından tanış olaq. Peşəkar olmaq üçün nələri bilmək və nəyi bacarmaq lazımdır? İqtisadi elmləri, metodikanı bilmək, eyni zamanda innovasiyalarla tanış olmaq kifayətdirmi? Bütün bu və ya digər suallara cavab tapmaq üçün jurnalımızı üç istiqamət üzrə - pedaqogika, iqtisadiyyat və texnika bölmələrinə ayırmışıq. Üç dildə çap olunan jurnal bu bölmələrə aid yazılarla tam əhatə olunur. Jurnalın bir neçə beynəlxalq indeksi var və çap olunan kimi jurnalı saytımıza yerləşdiririk ki, oxucu auditoriyamız daha da genişlənsin. Yeni DOİ indeksinə yiyələnməklə jurnalımız ingilis dilinə tərcümə olunur və dünyada jurnalımıza istinad edilir”-deyən baş redaktor tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, biz bundan sonra da çalışacağıq ki, jurnalımızda bir-birindən maraqlı yazılar dərc edək və bu yazılar da müəllimlərin köməyinə çatsın.
Təqdimatdan sonra peşə təhsili müəssisələrinin rəhbərləri, əməkdaşları çıxış edərək Ulu Öndərin dəyərli irsinin həmişə xalqımız üçün gərəkli olduğunu, Heydər Əliyev ideyalarından bəhrələndiklərini, eləcə də bu ideyaların təhsil sisteminin inkişafındakı mühüm rolunu qeyd etdilər.
Beləliklə, tədbir iştirakçıları həm keçirilən tədbirin əhəmiyyətindən, həm də respublikada peşə təhsilinin ictimai statusunun yüksəldilməsində bölgə üzrə qarşılaşdıqları problemlərdən danışdılar və bu problemlərin həll edilməsi üçün öz təkliflərini irəli sürdülər. Sonda bir neçə təhsil işçisi və iş adamı redaksiya ilə sıx əməkdaşlıqlarına ğörə redaksiyanın Diplomu ilə təltif edildilər.
Tədbirin yaddaqalan məqamlarından biri də Xazmaz Peşə Liseyinin bir qrup əməkdaşına “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası sıralarına daxil olması münasibətilə onlara üzvlük vəsiqələrinin təqdim edilməsi oldu.
Vüqar SƏLİMOVA,
“Peşə təhsili və insan kapitalı” jurnalının şöbə redaktoru