Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsi finalçılarının iştirakı ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a fonddan məlumat verilib.
Bildirilib ki, görüşün başlıca məqsədi təqdim edilmiş layihə və təkliflərin dinlənilməsi, müzakirəsi və dəstəklənməsi perspektivlərinin dəyərləndirilməsi olub.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsi haqqında məlumat verib. İki mərhələdən ibarət olan müsabiqəyə 20 gün ərzində Azərbaycanın 28 dövlət və özəl ali təhsil müəssisəsindən 150 müraciətin daxil olduğu qeyd edilib.
Elnur Nəsibov qonaqlara bu təşəbbüsdə iştirak etdikləri üçün minnətdarlığını bildirib.
Görüş zamanı tələbələr “İnklüziv təhsilin inkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi” və “Təhsildə idarəetmə” mövzuları üzrə ideya və təkliflərini təqdim ediblər. Hər çıxışdan sonra qonaqlar və tələbələr arasında layihələrə dair müzakirələr aparılıb.