Türk dövlətləri alimlərinin iştirakı ilə müzakirələr keçirilib
V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının “Türk dünyasında çağırışlar” adlı panel müzakirəsi keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov qlobal çağırışlar qarşısında Türk dünyası dövlətlərinın əməkdaşlığının daha da dərinləşməsinin əhəmiyyətindən söz açıb. Ə.Muradov Türk Dövlətləri Təşkilatının “Türk dünyası 2040 Vizyonu” və “Səmərqənd Bəyannaməsi”ndə müəyyən etdiyi iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində bir sıra təkliflərlə çıxış edib. Bildirib ki, türk dövlətləri arasında dayanıqlı, yaşıl, ağıllı və inklüziv iqtisadi artım siyasətlərinin inkişaf etdirilməsinə, eləcə də iqtisadiyyatların rəqəmsallaşmasına, bilik iqtisadiyyatı yönündə inkişafının təmin edilməsinə, birbaşa xarici investisiyalar üçün əlverişli, şəffaf və proqnozlaşdırıla bilən investisiya mühitinin yaradılmasına, iqtisadiyyatlar arasında mal, kapital, xidmət, texnologiya və insanların sərbəst hərəkətinin təmin edilməsinə, eyni zamanda iqtisadiyyatlar arasında milli pul vahidləri ilə ticarətin payının artırılmasına ehtiyac var. Rektor turizm, kənd təsərrüfatı və qida təhlükəsizliyi, səhiyyə və müdafiə sənayesi kimi sahələrdə birgə əməkdaşlığın gücləndirilməsinin, Türk Ali Təhsil Məkanının formalaşdırılmasının, ortaq təhsil və elm layihələrinin reallaşdırılmasının, texnologiyaların inkişaf etdirilməsi və transferinin gücləndirilməsinin də vacibliyini bildirib.
Ə.Muradov TÜRKİAB-ın Səmərqənddə keçirilən toplantısında Nobel mükafatçısı Aziz Sancarın çıxışından bəzi məqamları da diqqətə çatdırıb.
Sonra UNEC-in Türk Dünyası İqtisad Fakütləsinin dekanı professor Mehmet Yücenin moderatorluğu ilə panel müzakirələr aparılıb. İzmir Bakırçay Universitetinin professoru Recai Coşkun, Qırğızıstan Dövlət Arabayev Universitetinin professoru Synaru Alymkulova, Daşkənd Dövlət İqtisad Universitetinin professoru Murat İkramov, Qazaxıstanın Turan Universitetinin prorektoru dosent Dina Razakova Türk dünyasının tarixi, elm və təhsili, iqtisadiyyatı və sosial həyatının aktual məsələlərinə həsr olunan çıxışlar ediblər.
Çıxışlardan sonra rektor Ə.Muradov Türk Dünyası Araşdırmaları Vəqfinin Türk Dünyasında təhsilə, mədəniyyətə, elmi araşdırmalara böyük önəm vermək məqsədilə təsis etdiyi “Prof.Dr.Turan Yazqan Təhsil və Mədəniyyət Mükafatı” ilə təltif olunub.
Panel müzakirələrin spikerlərinə maraqlı çıxışlarına görə “Təşəkkürnamə” plaketləri təqdim edilib.