Aybəniz Əhədova: “Müəllimlik mənim üçün yaşanılan ömür yolunda bir işıqdır”
Onunla tanışlığım Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə keçirilən Gənc Müəllimlərin III Forumunda oldu. Bir kənd müəlliminin tükənməz enerjisi, öyrətmək, eyni zamanda öyrənmək istəyi, səmimi ünsiyyəti, üstəgəl peşəkarlıq və yaradıcılıq xüsusiyyətləri məndə bu təhsil işçisi ilə yaxından tanış olmaq istəyi oyatdı. Və budəfəki yazımın qəhrəmanı da məhz o - Biləsuvar rayonu R.Mikayılov adına Bəydili kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Əməkdar müəllim Aybəniz Əhədova oldu.
Uşaqlıqdan ən böyük arzum olub ki, məni “Aybəniz müəllim” çağırsınlar
Aybəniz Babaxan qızı Əhədova 1983-cü ildə Biləsuvar (keçmiş Puşkin) rayonu Ş.Qurbanov adına şəhər 2 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Deyir ki, uşaqlıqdan ən böyük arzum olub ki, məni “Aybəniz müəllim”deyə çağırsınlar. Ailəsində hər zaman müəllimə qarşı sevgi, ehtiram görüb.
Orta təhsilini başa vurduqdan sonra uşaqlıq xəyalını- müəllim olmağı gerçəkləşdirmək üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olur. Universitetdə təhsil aldığı illərdə tanınmış dilçilərdən, ədəbiyyatçı alimlərdən, görkəmli pedaqoqlardan bəhrələnir. Ali təhsil illərində hər zaman fəallığı, yüksək təhsil nəticələri ilə fərqlənən Aybəniz Əhədova əlaçı olduğuna görə “Nizami” təqaüdü alır.
O,1986-cı ildə respublikamızın ali məktəbləri arasında keçirilən XlV tələbə elmi konfransına dosent A.Bəşirovanın rəhbərliyi ilə yazdığı elmi işlə qatılaraq “Ən yaxşı elmi işə görə” medalı ilə təltif olunur.
Seçimi kənd məktəbi oldu
1987-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Aybəniz Əhədovaya aspiranturada təhsillini davam etdirmək, ADPU-nun müəllimi olmaq təklif olunsa da o, artıq öz seçimini etmişdi. Elə həmin ildən təyinatla Biləsuvar rayonu R.Mikayılov adına Bəydili kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayır. V-XI siniflərdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir. Və müəllim kimi gələcək uğurlarının başlanğıcı bu ümumi təhsil müəssisəsində qoyulur. Kəndə gələndə özünə söz verir ki, müəllimlik fəaliyyəti ilə hər kəsə sübut edəcək ki, çalışdığı peşəsində inkişaf etmək, yeniliklərə imza atmaq üçün məkan (şəhər və ya kənd) əsla fərq etməz. Önəmli olan istəkdir. Qarşıya qoyulan məqsədə çatmaq üçün isə öz üzərində daim işləməli, çalışqan və inkişafda olmalısan. Beləcə, o, qoyduğu hədəflərinə doğru pillə-pillə irəliləməyə başlayır.
“Müəllimlik təcrübəsini, şagird sevgisini, bütün əldə etdiyim nailiyyətləri məhz sadə bir kənd məktəbində qazanmışam” - deyir, Aybəniz müəllim. Dərslərini fəal-interaktiv təlim metodlarından istifadə edərək quran təcrübəli pedaqoq müəllimlik fəaliyyəti boyu bir sıra uğurlu işlərə imza atır.
Beynəlxalq layihələr və qazanılan təcrübə
Aybəniz müəllimin fəaliyyətinə yaxından bələd olduqca onun bir məktəbə sığmayan işlərinə heyran qalmamaq mümkün deyil. Yaradıcı müəllim 2020-ci ildən “e Tvinninq” layihəsi çərçivəsində bir sıra işlər həyata keçirməyə başlayıb. Layihəəsaslı öyrənməyə önəm verərək indiyə qədər 15 layihədə iştirak edib. Bunlardan 6-nın müəllifi də elə məhz özüdür. “e Tvinninq”in əsas məqsədinin pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq əlaqələrini genişləndirmək, digər ölkələrdən olan müəllimlər ilə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaq olduğunu söyləyən Aybəniz müəllim bu layihənin ona ideyalarını həyata keçirməkdə, arzularını reallaşdırmaqda gözəl bir vasitəyə çevrildiyini deyir: “eTvinninq”lə pedaqoji bacarıqlarımızın artırılması istiqamətində müxtəlif beynəlxalq səviyyəli təlim və kurslarda iştirak edir, mükafat və sertifikatlara layiq görülürük. Bu, bizə arzuladığımız layihələri maneəsiz olaraq həyata keçirmək və ya hansısa bir layihəyə qoşulmağımıza, yaxud da yeni layihə yaradıcısı olaraq fəaliyyət göstərməyimizə geniş imkanlar yaradır. Qürurla deyə bilərəm ki, layihələrim həm Milli Keyfiyyət nişanına, həm də Avropa Keyfiyyət nişanına layiq görülüb. Bir Azərbaycan müəllimi olaraq mənim və eləcə də şagirdlərim üçün bundan böyük fəxr ola bilməz. Hazırda daha iki layihəni bitirib mükafata təqdim etmək ərəfəsindəyik. ESEP layihələrində Türkiyənin, Avropanın nüfuzlu məktəb və müəllimləri ilə birlikdə çalışırıq. Bu da şagirdlərimizin dünyagörüşünün hərtərəfli formalaşmasında, digər ölkələrin müəllimləri ilə təcrübə mübadiləsinin aparılmasında əhəmiyyətli rol oynayır”.
Aybəniz müəllim 2022-ci ilin 2-3 iyul tarixlərində İstanbul şəhərində “Uluslararası STEM Öğretmenler” konfransında öz layihəsi ilə iştirak edərək beynəlxalq dərəcəli sertifikata layiq görülüb.
Yaradıcı müəllimin uğurları bununla bitməyir. Belə ki, beynəlxalq təcrübəyə malik pedaqoq 2022-ci ildə “AKS EDUCATION AWARD”ın keçirdiyi müsabiqədə dünyanın 110-dan artıq ölkəsinin müəllimləri arasından seçilərək “Qlobal Teacher” adını alıb və Azərbaycan üzrə 2022-ci ilin yeganə qalibi olub.
Aybəniz Əhədova Hindistanın “Education Jagat” qəzetində Azərbaycandan olan bir müəllim kimi həyata keçirdiyi layihələrlə bağlı öz təcrübəsini, dərslərini paylaşıb. Dünya ölkələrinin müəllimlərinin gördükləri işlər, keçdikləri dərslərlə bağlı təcrübələrinin paylaşıldığı, ixtiralar haqqında məlumatların dərc olunduğu bu mətbu orqanının növbəti saylarında isə təhsil işçiləri azərbaycanlı pedaqoqun “Bütün yollar Romaya aparır”, “Ədəbiyyat və incəsənət” mövzularında daha iki layihəsi ilə tanış olacaqlar.
Cari ilin 8-9 iyul tarixlərində İstanbulda keçiriləcək beynəlxalq STEAM konfransına dəvət alan Aybəniz müəllim bu tədbirə maraqlı bir mövzu ilə qatılacağını söyləyir.
Təcrübəli müəllim daim öz üzərində işləyən, axtarışda olan bir təhsil işçisidir. O, bilik və bacarığını gənc müəllimlərdən əsirgəməyən pedaqoqlardandır.
Aybəniz Əhədova dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə hazırlıq məqsədilə Elm və Təhsil Nazirliyinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkil etdiyi təlimlərdə mentor kimi respublikamızın müxtəlif regionlarından olan müəllimlərinə təlim keçir. O, MİE-nin əməkdaşı, İTE təlimçisidir.
36 illik müəllimlik fəaliyyəti
36 illik müəllimlik fəaliyyəti... Dönüb geriyə baxanda o illərin hər birində qazanılan uğurların arxasında öyrənmək, axtarışda olmaq, ölkəmizin, eləcə də dünya təhsilində baş verən proseslərdən xəbərdar, axtarışda, eyni zamanda yeniliklərə açıq olmaq və onu tədris prosesinə uğurla inteqrasiya etmək və sadalamadığımız daha nələr-nələr durur...
Aybəniz Əhədova şagirdlərini sevən, onlarla qürur duyan bir pedaqoqdur. Elə şagirdləri də nailiyyətləri ilə doğma müəllimlərini hər zaman sevindirir.
Bilik yarışlarının bu gün neçə-neçə istedadlı, yüksək hazırlığa malik gənclərimizin üzə çıxarılmasındakı rolundan söz açan müəllim hər bir şagirdinin əldə etdiyi nailiyyəti ilk növbədə onun təhsil aldığı məktəb, eləcə də uğurunda əməyi olan müəllimi üçün başucalığı olduğunu qeyd edir. Onun dərs dediyi şagirdlər respublika fənn olimpiadalarında, inşa müsabiqələrində, yarışmalarda fəal iştirak edərək müvafiq yerlərə layiq görülürlər.
Aybəniz müəllim istər pedaqoji fəaliyyəti, istərsə də yaradıcılıq bacarığı ilə hər zaman diqqətdə olub. Bildirir ki, əməyinə verilən qiymət onu daha da ruhlandırır. O, 2003-cü ildə “İlin ən yaxşı mühazirəçi müəllimi” seçilib.
2018-ci ildə təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub. Həmin ildə keçirilən müəllimlərin XV qurultayına nümayəndə seçilib.
2018-ci ildən Dövlət İmtahan Mərkəzinin marker müəllimidir. Artıq neçə illərdir ki, abituriyentlərin işinin qiymətləndirilməsində iştirak edir.
Uzunillik təcrübəyə malik, peşəkar müəllim ölkə təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Dövlət başçısı tərəfindən ali mükafata layiq görülən təhsil işçisi bu adı şərəf və qürur hissi ilə daşıyır.
Pedaqoji fəaliyyətinin ən böyük dəyəri...
Aybəniz müəllimin yetirmələri bu gün ölkəmizin müxtəlif sahələrində ixtisaslı kadrlar kimi fəaliyyət göstərirlər: “Vaxtilə dərs dediyim şagirdlərimin hər biri mənə əzizdir. Lakin ən qürurvericisi odur ki, öz ixtisasım üzrə davamçılarım var. Demək olar ki, Biləsuvarın bir çox məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimləri olan yetirmələrim öz savadına, intellektinə, çalışqanlığına görə seçilir. Bu gün öz çalışdığım məktəbdə belə vaxtilə dərs dediyim şagirdlərimlə iş yoldaşıyam. Bunlar həyatımın rəngarəng sevinc çalarlarıdır. Bayram günlərində mənə təbriklər gələndə gözlərim dolur. Türkiyə, Almaniya, İsveçrə, Kanada, Rusiya -bir sözlə, dünyanın müxtəlif ölkələrində çalışan şagirdlərim mənə “Əziz müəllimim, əziz anam” sözlərini yazır. Bu xoş sözlər, yetirmələrimin uğurlu iş həyatları, layiqli vətəndaş olaraq formalaşmaları mənim müəllimlik fəaliyyətimin ən böyük dəyəridir.
Əslində çalışmaq istəyi olan müəllim üçün şəhər və ya kənddə fəaliyyət göstərməsinin heç bir fərqi olmamalıdır. Əsl fədakarlıq elə şəraitsiz yerdə çalışmaq və öz fəaliyyəti ilə bir addım öndə getməyi bacarmaqdır. Yenilik varsa, müəllim öyrənməlidir. Mən öyrənməyi və öyrətməyi çox sevirəm. Şagirdlərimin uğurları ilə fəxr edirəm və bu, mənə stimul verir. Hər bir kəsin həyatında ən önəmli yeri valideynindən sonra ona dərs demiş müəllimləri tutur. Müəllim ürəklərdə özünə əbədi taxt quran peşə sahibidir. Bundan gözəl nə ola bilər ki?
Fəxr edirəm ki, müəllim kimi fəaliyyət göstərdiyim Biləsuvar rayonunun Bəydili kənd tam orta məktəbinin adı Avropanın bir sıra ölkələrinin məktəbləri ilə yanaşı çəkilir. Reallaşdırdığım layihələr dünya müəllimləri tərəfindən maraqla qarşılanır”.
Peşəsinə olan sevgisi övladlarına da keçib
“Ana kimi də çox xoşbəxtəm”-deyir qəhrəmanım. Həyat yoldaşı da müəllimdir, ixtisasca riyaziyyatçıdır.
Aybəniz müəllim öz övladlarına da dərs deyib. Böyük qızı iqtisadçı ixtisasını seçsə də, digər iki qızından biri coğrafiya, o biri isə ingilis dili müəllimidir. Bir qızı onunla birlikdə eyni məktəbdə, digər qızı isə həyat yoldaşının çalışdığı ümumi təhsil müəssisəsində müəllim kimi fəaliyyət göstərir. Oğlu Almaniyada həkim-rezidentdir.
O müəllim xoşbəxtdir ki...
Bəli, müəllimlik Aybəniz Əhədova üçün yaşanılan ömür yolunda bir işıqdır. O müəllim xoşbəxt müəllimdir ki, onun saldığı işıqla addımlayaraq həyatda öz layiqli yerini tutmağı bacaran yetirmələri var. Və Aybəniz müəllimin sözləri ilə desək: “İnanmıram ki, bu işığı fərq edən şagird onu unutsun... İşıq olaq”.
Samirə KƏRİMOVA