Dövlət Proqramı gənclərin xaricdə təhsil almaq arzusunu reallaşdırır


İyunun 20-də Bakıdakı Təhsil Texnologiyalar Mərkəzində “2022-2026-cı illər üzrə xaricdə təhsil üçün Dövlət Proqramı”na müraciət etmiş tələbələrin müsahibələrinin təşkili ilə bağlı mediatur keçirilib. Mediatur çərçivəsində KİV nümayəndələri tələbələrin müsahibə mərhələsini müşahidə edib.

 

Dövlət Proqramı İdarəetmə qrupunun rəhbəri Turan Topalova mediatur çərçivəsində KİV nümayəndələrinə proseslə bağlı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”  təsdiq edildiyini deyən Turan Topalova Proqramın məqsədindən söz açıb:

 

“Proqramın təsdiq edilməsində əsas məqsəd gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir. Dövlət Proqramına müraicət edən namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə namizəd tələb olunan sənədlərin skan edilmiş surətini elektron ərizə sistemində “Şəxsi kabinet” yaradaraq əlavə edib, elektron ərizəni təsdiq etməlidir. Müvafiq Seçim Qaydalarının tələblərinə uyğun olan namizədlərin müraciətləri dəyərləndirilir və müsbət qiymətləndirilən namizədlər aidiyyəti üzrə növbəti mərhələyə buraxılır. Müsahibə mərhələsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir.  Müsahibənin nəticəsinə uyğun olaraq, namizədlər haqqında yekun qərar verilir”.

 

Turan Topalova Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə dair sənəd qəbuluna 30 mart 2023-cü il, müsahibə mərhələsinə isə 15 may 2023-cü il tarixlərindən etibarən start verildiyini və son müraciət tarixinin 14 iyul 2023-cü il olduğunu deyib: “Proqrama prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə “Times Higher Education”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız “universitetlər üzrə top 10”da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də təqaüd üçün müraciət edə bilər”.

 

Mediatur çərçivəsində Dövlət Proqramına müraciət edən və müsahibə mərhələsinə dəvət olunan tələbələrlə görüşüb, söhbətləşdik.

 

“Müsahibə mərhələsindən də uğurla keçib xaricdə təhsilimi davam etdirməyi planlaşdırıram”

 

Natiq Babayev Bakı Ali Neft Məktəbində “Kimya mühəndisliyi” ixtisası üzrə bakalavr təhsilini başa vurduqdan sonra magistr təhsilini davam etdirmək üçün Dövlət Proqramına müraciət edib. O, bir çox nüfuzlu universitetlərdən dəvət alsa da, Almaniyanın Ulm Univeristetində təhsil almağa qərar verdiyini deyib: “Kimya sənayesi dünyada ən vacib sahələrdən biridir. Mən də bir gənc mütəxəssis kimi bu sahədə bilik və bacarıqlarımı artırmağı, bir ixtisaslı kimyaçı kimi ölkəmə xidmət etməyi qarşıma məqsəd qoymuşam. Müsahibəmin uğurlu keçdiyini düşünürəm. Müsahibə sualları əsasən ixtisasıma uyğun olaraq və dil biliklərimi müəyyən etmək üçün verilirdi. Müsahibə mərhələsindən də uğurla keçib xaricdə təhsilimi davam etdirməyi planlaşdırıram. Biz gənclərə bu şəraiti yaratdığı üçün ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

 

“Arzum həmişə xaricdə təhsil almaq, ölkəmə faydalı bir mütəxəssis kimi xidmət etməkdir”

 

“İT texnologiyaları” ixtisası üzrə Türkiyənin Sabancı Universitetinə qəbul olunan və Dövlət Proqramına müraciət edən Nazim Məmmədov müsahibə ilə bağlı fikirlərini bizimlə bölüşüb: “Biz gənclər üçün çox yaxşı şərait yaradılıb. Bunun üçün ölkə Prezidentinə xüsusi minnətdarlığımı bildirirəm. Arzum xaricdə təhsil almaq, ölkəmə faydalı bir mütəxəssis kimi xidmət etməkdir. Düşünürəm ki, İT sahəsi bu gün olduğu kimi gələcəyin də ən priroritet sahələrindən olacaq”.

 

Niyazi RƏHİMOV