"Pandemiya dövrü qarşımıza yeni çağırışlar qoydu. Virtual təhsil platformasının yaradılması, təhsil müəssisələrinin bu prosesə operativ qoşulması sistemimizin çevik reaksiyasından xəbər verdi. Pandemiyadan öncə 33 uşağa bir kompüter düşürdüsə, indi bu rəqəm 17-dir. Bu isə onu göstərir ki, təhsil sistemimiz ümumilikdə bu çətinlikdən üzüağ çıxmağı bacardı".
Bu sözləri elm və təhsil nazirinin müavini Həsən Həsənli iyunun 22-də keçirilən “VI ADA 2023” beynəlxalq təhsil konfransının açılış mərasimindəki çıxışı zamanı deyib.
Konfrans ADA Universiteti, Elm və Təhsil Nazirliyi və ABŞ-nin “Anthology” Təhsil və Tədqiqat Mərkəzinin əməkdaşlığı ilə “Maarifçiliyə yenidən baxış” şüarı altında keçirilir.
Maarifçilik və rəqəmsal inqilab təcrübəsini yenidən nəzərdən keçirməyi, həmçinin təhsil ictimaiyyətini müzakirələrə təşviq etməklə qarşıya çıxan problemlərin həllini hədəfləyən konfransda öyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə, dəyərləndirmə daxil olmaqla müxtəlif mövzularda tədqiqatlar qəbul edilib.
Tədbir zamanı “Anthology” Təhsil və Tədqiqat Mərkəzinin əməkdaşları tərəfindən ADA Universitetinə “Akademik mükəmməllik mərkəzi” mükafatı təqdim edilib.
Konfrans panel müzakirələri ilə davam etdirilib.